əmi 14 yaşı olan Kairan Quazi universiteti bitirən kimi “SpaceX”də proqram mühəndisi kimi işə götürülüb.
Bu günədək dünyada bir çox super intellektə sahib uşaqların erkən yaşda universitet məzunu olmaları, ən çətin ixtisasda təhsil alıb, prestijli şirkətlərdə işə düzəlmələri barədə tez-tez oxumuşuq. Bu yeniyetmələrdən biri də haqqında yeni öyrəndiyimiz Kairan Quazidir.
14 yaşlı Kairan Quazi ABŞ-nin Santa Klara Universitetində kompüter elmləri və mühəndislik dərsləri alıb. O, 14 yaşında “SpaceX”də işə başlayıb.
Onun çalışacağı şöbə dəqiq bilinməsə də, “SpaceX”in dünya üzrə yüksək sürətli peyk interneti təqdim edən “Starlink”də işə başlayacağı haqqında daha əvvəl danışılmışdı.
Quazi, həmçinin universitet üçün də xüsusi mövqedədir. O, bu il universiteti bitirib və bu universiteti bitirən ən gənc şəxs olub. Universitet daxilində bu rekord 200 il ərzində qırılmamışdı.
Kairan Quazinin karyerası “SpaceX” ilə başlamayıb. O, “Intel” şirkətinin süni intellekt tədqiqat laboratoriyasında “tədqiqat əməkdaşı” kimi də çalışıb.
Bu vəzifə ona yaşı çatmadığı üçün verilmişdi. Həqiqətdə isə o, təcrübəçi idi. Yaşı çatmadığına görə “Intel” onu tədqiqatçı kimi qeyd etməyə məcbur olub.
Kairan “Intel”də süni intellekt sahəsində çalışan ən gənc işçi oldu.
Yaxşı, bəs bu uşağın hekayəsi nədir? Necə bu qədər ağıllı ola bilib?
Kairan Quazi hələ 9 yaşında ikən Las Positas Kollecində təhsil almağa, elə həmin yaşda da “Intel”də təcrübə keçməyə başlayıb.
Mütəxəssislərin apardığı testlərə görə dünya əhalisinin 99,9 %-dən yüksək IQ-yə sahib olan Quazinin ən çox sevdiyi kitab George Orwell-in “1984” kitabıdır.
Onun ağlı, düşüncəsi də zamanla başına bəla olub…
Quazi 9 yaşında “HuffPost”a verdiyi açıqlamada zəkasının onunla həmyaşıdları arasında qoyduğu ünsiyyət baryerini aşağıdakı nümunə ilə dilə gətirib:
“Uşaq bağçasında olarkən dostlarıma Bəşər Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etdiyini demişdim. Bundan sonra uşaq meydançasındakı uşaqlar ağlamağa başlamışdılar.
Həmin gün valideynlərimə direktordan zəng gəldi. 3-cü sinif fənn müəllimimə onun cazibə qüvvəsi haqqında biliklərinin dərin olmadığını demişdim. Bundan sonra sinfin ən yaramaz uşaqları arasında adım çəkilirdi”.