ir çox məzmun platformaları kimi “YouTube” da ödənişli abunə sisteminə yatırımlarını çoxaldır. Pulsuz da xidmət göstərən platforma, uzun müddətdir ki, tətbiq etdiyi insafsız reklam siyasəti ilə istifadəçilərini məcburi YouTube Premium-a yönəldir. İndi 30 saniyəlik keçidsiz reklamlar televizorlara da gəlir. Hər video üçün olmasa da, 15 saniyəlik reklamların müddəti bundan sonra 2 dəfə artır. “YouTube” reklamlarından qaçmaq istəyənlər “Premium”a keçirlər. Bir çox istifadəçi isə reklamları bloklayan “ad block” kimi əlavələrdən istifadə edir. Şirkət bunlardan da xəbərdardır. Bu gün YouTube-un “ad block”lara izn vermədiyini də öyrənmiş olaq. Şirkətin siyasətinə görə, istifadəçilər ya reklamlara baxacaqlar, ya da ödəniş edərək “Premium”a keçəcəklər.
“Steam”dən dəli endirimlər: Battlefield, Dead Space, FIFA 23
Dünyanın ən böyük rəqəmsal oyun satış platforması olan Steam-də kampaniyaların ardı-arası kəsilmir. Mövzusu I Dünya Müharibəsi olan “Battlefield 1”, 75 % endirimlə 9,99 dollara endirilib. Ən məşhur simulyator oyunlarından biri olan “Euro Truck Simulator 2” isə 75 % endirim - 2,99 dollarla satışdadır. Digər oyunlar haqqındakı endirimlərlə tanış olmaq üçün bu linkə keçid etməyiniz kifayətdir.
“Apple”dan Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Gününə özəl sevindirici özəlliklər
Bu gün telefon və kompüter kimi cihazlardan istifadə hər kəs üçün asanlaşarkən, müxtəlif əlilliyi olan fərdləri də unutmayan texnologiya nəhəngləri müyəssərlik xüsusiyyətlərini artırmaq üçün böyük rəqabət aparırlar. Bu mövzuda ən uğurlu brendlərdən biri olan “Apple” 18 May Qlobal Müyəssərlik üzrə Maarifləndirmə Gününə az qalmış yeni özəlliklərini paylaşıb.
1. “Assistive Access” funksiyası Telefon və FaceTime proqramları, həmçinin Mesajlar, Kamera, Şəkillər və Musiqi proqramları üçün “Calls” adlı vahid proqramda birləşdirilmiş fərdi təcrübə təklif edir.
2. “Assistive Access” koqnitiv yükü azaltmaq, proqramları və təcrübələri ayırmaq və onların əsas xüsusiyyətlərini aşkar etmək üçün dizayn yeniliklərindən istifadə edir.
3. iPhone, iPad və Mac-da “Live Speech” funksiyası ilə istifadəçilər həm telefon, həm də FaceTime zəngləri zamanı, eləcə də fərdi söhbətlərdə demək istədiklərini yazır, sonrasında isə bu sözlər ucadan oxunur. İstifadəçilər, həmçinin tez-tez istifadə olunan ifadələri yaddaşda saxlaya bilir ki, bu da ünsiyyətdə funksionallığı bir xeyli artırır.
4. Böyüdücüdəki (Magnifier) “Point and Speak” funksiyası görmə qabiliyyəti zəif olan istifadəçilər üçün müxtəlif mətn etiketləri olan fiziki obyektlərlə qarşılıqlı əlaqəni asanlaşdırır.
5. “Point and Speak” funksiyası, həmçinin istifadəçilərə fiziki mühitlərdə naviqasiya etməyə kömək edən şəxsin aşkarlanması, qapının yerinin tapılması və şəkil annotasiyaları kimi digər “magnifier” funksiyaları ilə birlikdə istifadə edilə bilər.
Microsoft-dan Elon Musk-a “OpenAI” cavabı
Elon Musk təxminən 1 ay əvvəl süni intellektin geniş vüsət alması, onun qərəzliliyi necə inkişaf etdirə biləcəyi və daha dəqiq cavablar verən öz süni intellekt söhbət botunu yaratmaq planı haqqında fikirlərini demişdi. Bu müsahibədə Musk-dan tez-tez təhlükəsiz və şəffaf şəkildə süni intellektin inkişafına xidmət edən və heç bir kommersiya rolu daşımayan şirkət kimi qurduğu “OpenAI” barədə soruşulurdu. Bu günlərdə isə Microsoft-un baş direktoru Satya Nadella “AI” inkişaflarını müzakirə etmək üçün CNBC ilə görüşüb və müsahibə zamanı Nadelladan Musk-ın şərhləri ilə bağlı fikirləri soruşulub. Maskın Microsoft-un 10 milyard dollarlıq sərmayəsi ilə OpenAI-yə ciddi nəzarət etdiyinə dair şərhlərinə, Nadella sadəcə olaraq “bu, həqiqətən də doğru deyil”, - deyə cavab verdi. Nadella deyir ki, “OpenAI” hələ də kommersiya rolu daşımır və “Microsoft”un OpenAI-də nəzarət payı yoxdur.
MIUI 14 yeniləməsi başqa bir “Xiaomi” modelində
Yeni interfeys bu yaxınlarda qlobal versiyası ilə ilk növbədə flaqman və orta seqment istifadəçilərinə təqdim olunub. “Xiaomi”nin saytındakı xəbərə görə, 2022-ci ildə buraxılan Redmi 12C hazırda qutudan Android 12 əsaslı MIUI 13 ilə çıxır. Öz seqmentində ən yaxşı qiymət-performans cihazlarından biri kimi tanınan Redmi 12C-ni artıq MIUI 14-ə yeniləmək mümkündür. “Xiaomi” tərəfindən atılan bu addımda biz indi yeni interfeysin vacib detalları ilə tanış olmuş oluruq. Əvvəla, istifadə etmədiyiniz, lakin sistemin silməyə izn vermədiyi əsas proqramların əksəriyyətini silə biləcəksiniz. Bundan əlavə, Xiaomi proqramların, xüsusən də multiplayer oyunların işini yüngülləşdirən foton mühərriki (foton engine) texnologiyası sayəsində 3-cü tərəf proqramlarının enerji istehlakını 22 % azaldıb.
Şirkətin digər iddiası isə sistemin performansının əhəmiyyətli dərəcədə yaxşılaşmasıdır. Bildirilir ki, Android 13 və MIUI 14 ikilisi ilə sistemin axıcılığı 88 % yüksəkdir. Bununla bərabər, enerji istehlakında da 16 % artım var. Sistemin performansı yaxşılaşdırılsa da, Xiaomi-nin məlumatları göstərir ki, MIUI 14 əvvəlki versiya ilə müqayisədə cəmi 23 % az yer tutur. Bu nəticə MIUI interfeysinin yenidən işlənməsi və yenidən təkmilləşdirilməsi ilə əldə olunub. Yeni MIUI 14 indi köhnə versiyalardan daha sürətli, həmçinin daha stabildir və daha az yer tutur. Qeyd etmək lazımdır ki, yalnız Snapdragon 8 Gen 1, 8 Gen 1+ və yeni Snapdragon 8 Gen 2 prosessorlu modellər bu yeniliklər üçün uyğunlaşdırılıb.
WhatsApp-dan yeni animasiyalı emojilər
Təxminən 1 ay əvvəl təsbit edilən WhatsApp-ın animasiya funksiyası çərçivəsində bir neçə yeni emoji bilinib. Bir ara məşhur animasiya platforması “Lottie”dən party emojisi üzə çıxmışdısa, indi 6 yeni emoji də peyda olub. Görünən budur ki, “WhatsApp” bununla bağlı məhdudiyyət barədə düşünmür və istifadəçilərə mümkün sayda maksimum emojilər təklif edəcək. “Meta” WhatsApp-da aşkarlanan yeni funksiya ilə bağlı heç bir açıqlama verməyib. Hər halda animasiyalı emojilərin bir çox istifadəçini sevindirəcəyi şübhəsizdir. Nəticədə Telegram başda olmaqla, Facebook Messenger kimi bir çox tətbiqlərdə də animasiyalı emojilər mövcuddur. Qeyd edək ki, “WhatsApp”ın animasiyalı emojilərinin istifadəçilərə nə vaxt çatacağı ilə bağlı məlumat yoxdur.
Netflix-in reklam dəstəkli abunəlik sistemindən ayda 5 milyon istifadəçi yararlanır
Şirkət bu ilin əvvəlindən bəri reklamlar olan abunəlikdən istifadənin 2 dəfədən çox artdığını bildirib. Yəqin bilirsiniz, Netflix-in qlobal abunəçilərinin sayı 232,5 milyondur. Bununla müqayisədə 5 milyon istifadəçi kiçik görünsə də, hələ də çox məhdud bazarda xidmət göstərən reklamlar olan abunəlik sistemi üçün əslində pis rəqəm deyil. Netflix-in dünya miqyasında reklamdan məsul şəxsi Jeremi Gorman, reklamlar olan abunəlik sisteminin istifadəyə verilməsindən 6 ay sonra təxminən 5 milyon qlobal aylıq aktiv istifadəçi olduğunu söylədi. Bununla belə, bu abunəlikdən istifadə edənlərin orta yaşının 34 olduğu da bildirilib. Xatırladaq ki, Netflix-in 6,99 dollarlıq reklamlar olan abunəlik sistemi keçən ilin noyabrından aktiv istifadədədir.
Kibertəhlükəsiz Sadiq Qasımov AB-nin rəsmi saytından “bug”ları taparaq adını 2 dəfə saytın “fərəh lövhəsinə” yazdıra bilib
Bu dəfə də İKT sahəsində səsimiz yüksəklərdən, AB-dən gəldi. Peşəkar Kibertəhlükəsizlik Mərkəzinin yetirməsi, həmçinin "kiberplatforma"da komanda üzvü Sadiq Qasımov Avropa Birliyinin rəsmi səhifələrindəki “error”ları onların rəsmi qurumları olan “CERT-EU”ya bildirərək, adını saytın “fərəh lövhəsin”ə, yəni “Hall of Fame”ə yazdıra bilib. “Hall of Fame”də Sadiqlə birgə yüzlərlə kibertəhlükəsizlik üzrə peşəkarlar yer alır. Sadiq tapdığı boşluğu “The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies” (CERT-EU) saytına bildirdikdən sonra, təsdiq cavabını alıb və bir müddət sonra məlumatları 2 dəfə saytın “Hall of Fame” bölməsində paylaşılıb.
Məlumat kimi bildirək ki, “CERT-EU” 2011-ci ildən fəaliyyət göstərir. Qurum inzibati cəhətdən Avropa Komissiyasının İnformatika üzrə Baş İdarəsinin tərkibində olan, hazırda isə Avropa Parlamentinin sədrlik etdiyi Rəhbər Şura tərəfindən idarə olunur.