Twitter” istifadəçisi, eyni zamanda “Twitter” veb-dizayneri olan Andrea Conwat-ın bir paylaşımı maraq doğurub. Fotodan görünən budur ki, bundan sonra istənilən “Twitter” videosunu izləyərkən yeni menyudan istifadə edə biləcəyik. Menyuda izləmə sürəti, keyfiyyət, subtitrlər, bir sözlə, lazım olan bütün xüsusiyyətlər var. Bu yeni xüsusiyyətlə tanış olduqda, o saniyə belə bir sual canlanır. Olmaya, Twitter-in YouTube kreslosunda gözü var?
Bir gündə 6.5 milyard dollar varlanmaq? Kasıblar bu xəbəri oxumasın
Şirkət dünən 1-ci rüb hesabatını açıqladıqdan və səhmləri təxminən 25 % artdıqdan sonra, Huang-ın xalis sərvəti bir gecədə 23.5 % artıb, yəni təqribən 34 milyard dollara çatıb. Bunun sayəsində milyarder real vaxt rejimində yenilənən dünyanın ən varlı adamlarının “Forbes Real-Time” reytinqində 37-ci yerə yüksəlib. Xatırladaq ki, “Nvidia” səhmləri 1 gün əvvəl 0.01 % artaraq, hər səhm üçün 379.8 dollar dəyər göstərib.
Deyəsən “Sehrli xalat”dakı ekskursiyanı “Virgin Galactic” reallaşdıracaq
Richard Branson tərəfindən qurulan “Virgin Galactic” kosmos turizm şirkətinin bu yaxınlarda yenidən bir missiyası baş tutub. “Unity 25” adlanan missiyada şirkətin 4 əməkdaşı və pilotlar kosmosun sərhədlərini görə biliblər. “Unity 25” missiyası şirkət üçün çox vacib hesab olunurdu, çünki bu, bazara çıxmazdan əvvəl son sınaq sayılırmış. Bu mövzuda “Tezliklə Galactic 01 missiyası ilə ödənişli xidmətlərə başlayacağıq” açıqlamasını verən şirkət, macəranı çox gözlətməyəcəyini də əlavə edib. Rəsmi açıqlamaya görə, proses iyunda başlayacaq.
ChatGPT CEO-su tarixinə kimi açıqladı: “Bir azdan işsiz qalacaqsınız, oyanın!”
Şirkətin idarə heyəti süni intellektin gələcək rolu ilə bağlı proqnozlar verib. ChatGPT kimi konseptlərin təkliflərindən gələn faydaları qəbul etməklə yanaşı, risklərin də qapımızı döydüyünü gizlədə bilmərik. Hətta mütəxəssislərin də “super intellekt” sayəsində 10 ildən sonra işsiz qalacaqları gün kimi aydındır. CEO Sam Altman “super intellekt”lə bağlı narahatlığını ifadə edərək, bu anlayışın bütün sahələrdə insanlardan daha yaxşı olmasını bir daha ön plana çəkib. Süni intellekt sistemlərinin günümüzün ən böyük şirkətləri ilə belə rəqabət apara biləcək səviyyədə olduğu bildirilib.
Amazon Prime-dan parol məsələsi ilə bağlı Netflix-ə atmaca
Artıq bilirik ki, “Netflix” parol paylaşma probleminə çarə kimi əlavə ödəniş tələb edir. “Amazon Prime” isə buna lağ edərək, özlərinin Twitter hesabında platformadakı “Who's Watching” menyusunu paylaşıb. Bir Twitter istifadəçisi isə bu tvitə şərh verib. “Prime Video UK” hesabından o şərhə atılan tviti olduğu kimi paylaşırıq: “Giggling and tweeting and hoping we don’t do the same”.
YouTube “Stories” özəlliyini yığışdırır
Bunun üçün rəsmi tarix də deyilib. Diqqətlər daha çox “Shorts” özəlliyinə yönələcək. “26 iyundan etibarən yeni story yaratmaq seçimi mövcud olmayacaq. İyunun 26-da paylaşılan story-lər 7 gündən sonra silinəcək”. Instagram kifayət qədər diqqət ayırdığı bu özəlliyi istifadəyə verdikdən sonra, “YouTube” da 10 000-dən çox abunəçisi olan kanallar üçün oxşar addımı atmışdı. Lakin “YouTube Stories” digər platformalardakı kimi məhsuldar nəticələr verə bilmədi. Görünən budur ki, YouTube və yutuberlərin gəlirləri əsasən reklamlar üzərində qurulub.
Dünya üzrə 1-ci rübdə ən çox satılan avtomobil modeli məlum olub
1-ci rübdə dünyada ən çox satılan avtomobil Tesla Model Y olub. Analitik JATO Dynamics-ə görə, “Tesla Model Y” 2023-cü ilin 1-ci rübündə bütün rəqiblərini geridə qoyaraq ilk elektromobil kimi bu uğura imza atıb. Hesablamalara görə, ilk rübdə 267 000-dən çox avtomobil satılıb. Model Y-ni 256 000-dən çox satışla Toyota Corolla-nın izləyəcəyi, Model Y-nin isə bu uğuru ilin sonunadək davam etdirəcəyi deyilir.
Ford Tesla-nın supertexnologiyasını gələcək elektromobillərində istifadə edəcək
Ford şirkəti Tesla ilə ABŞ və Kanadadakı Ford elektromobil sahiblərinə 12 000-dən çox Supercharger verəcəyi ilə bağlı razılığa gəlib. Ford bildirib ki, onun gələcək nəsil elektromobilləri 2025-ci ildən başlayaraq Tesla-nın “NACS” adlı yükləmə portu ilə təchiz olunacaq. Adapterin qiyməti Musk-ın dediyi kimi 100 dollar civarındadır. Bildirilib ki, Ford müştəriləri 2024-cü ilin yazından başlayaraq 2 dəfə çox sürətli yükləmə cihazlarına yiyələnə biləcəklər.