Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
NASA “Goddard” ilə qütb işıqlarının sirrini axtarır!

Təbiətin ən sirli möcüzələrindən biri olan qütb işıqları (aurora) son vaxtlar NASA-nın diqqət mərkəzindədir. NASA tərəfindən Alaskadan buraxılacaq xüsusi raketlərlə bu işıqların niyə müxtəlif formalarda hərəkət etdiyi, bəzən niyə titrədiyi və qaranlıq bölgələr yaratdığı araşdırılacaq.
Qütb işıqları günəşdən yayılan yüklü hissəciklərin dünyanın maqnit sahəsi ilə qarşılıqlı təsirindən yaranır. Lakin, bu valehedici təbiət hadisəsinin bəzi sirrləri hələ də tam məlum deyil.
NASA-nın “Goddard” kosmik uçuş mərkəzi bu sirri açmaq üçün iki əsas missiya həyata keçirəcək:
1. GIRAFF (Ground Imaging to Rocket Investigation of Auroral Fast Features): Sürətlə yanıb sönən və titrəyən qütb işıqlarının mexanizmini araşdıracaq.
2. BASS (Black and Diffuse Aurora Science Surveyor): Qütb işıqlarında yaranan qaranlıq bölgələrin səbəbini öyrənəcək.
Hər iki missiyada raketlər vasitəsilə məlumatlar toplanaraq yerüstü kameralarla müşahidə ediləcək. Bu tədqiqatlar təbiətin ən böyük sirrlərindən birinə ,həmçinin, digərlərinə işıq tutmaq üçün yeni imkanlar yaradacaq.
Apple “iOS 18” yeniləməsinin istifadə statistikasını açıqladı!

“Apple”ın verdiyi rəsmi məlumatlara görə son dörd ildə çıxan “iPhone”ların 76%-i artıq “iOS 18”dən istifadə edir. Ümumilikdə isə “iPhone”ların 68%-i bu yeniləmədən istifadə edir. Müqayisə üçün qeyd edək ki, “iOS 17” ötən il eyni dövrdə 66% ümumi istifadə payına sahib idi. “iPadOS 18” istifadə edən “iPad”lərin sayı isə 63% ilə “iPhone”dan geri qalır.
“Apple”ın proqram yeniləməsi davam edir və yeni xüsusiyyətlər əlavə edilən “iOS 18.3” yeniləməsi isə gələn həftə təqdim ediləcək. Bu yeniləmələr istifadəçilərə daha da təkmilləşdirilmiş təcrübə təqdim etməyi hədəfləyir.
Trump “TikTok”un satışı ilə əlaqəli açıqlama verdi!

Donald Trump “TikTok”un ABŞ-dəki gələcəyi ilə bağlı müzakirələrin davam etdiyini və qərarı yaxın 30 gün ərzində verəcəyini bildirib. Müzakirələrdə “Oracle” və xarici investorlar iştirak edir. “Reuters”ın məlumatına görə plan “TikTok”un Çin mərkəzli “ByteDance” şirkətinin müəyyən pay sahibi olaraq qalmasını nəzərdə tutur. Bu halda məlumat toplama və proqram yeniləmələri “Oracle” tərəfindən idarə olunacaq.
Trump “Oracle”ın CEO-su Larry Ellison ilə birbaşa müzakirə aparmadığını və “Oracle” ilə konkret bir razılaşma olmadığını vurğulayıb. Görüşlərdə “TikTok”un yalnız ABŞ bazarı deyil, qlobal əməliyyatları da müzakirə olunur.
“Instagram”a kiçik bir əlavə xüsusiyyət gəldi!

“Instagram” istifadəçilərə daha şəffaf təcrübə təqdim etmək məqsədilə yeni xüsusiyyətini istifadəyə verib. Artıq biznes hesablarla söhbət edərkən ekranın yuxarısında “biznes söhbəti” etiketi görünəcək. Bu etiket vasitəsilə istifadəçilər söhbət etdikləri hesabın biznesə aid olduğunu rahatlıqla müəyyən edə biləcəklər.
Həmçinin, “Meta” bu xüsusiyyət vasitəsilə biznes söhbətlərində istifadə olunan məlumatlar barədə daha ətraflı məlumat təqdim etməyi hədəfləyir. Yeni xüsusiyyət hazırda tədricən istifadəyə verilir. Bəzi istifadəçilər artıq bu etiketi görsələr də, digərləri yaxın zamanda bu yeniliyi təcrübədən keçirə biləcəklər.
Yeni funksiyanın məqsədi nədir?
Meta-nın məqsədi həm bizneslərin müştərilərlə daha şəffaf ünsiyyət qurmasını təmin etmək, həm də istifadəçilərin məlumat təhlükəsizliyini artırmaqdır. Əlavə olaraq istifadəçilər hər zaman bu biznes hesabları bloklamaq və ya bildirmək hüququna sahibdirlər.
“X” son yeniləmələr ilə “TikTok”-a rəqib ola biləcək?

“X” yeni vertikal video xüsusiyyətini qlobal olaraq təqdim etdi! ABŞ-dən sonra Hindistan, Avropa və Avstraliya istifadəçiləri də bu xüsusiyyətdən istifadə edə bilərlər. Əvvəlcə iOS üçün əlçatan olan bu yeni xüsusiyyətin Android versiyası da tezliklə istifadəyə veriləcək.
Bu yenilik “TikTok”un ABŞ-dəki qeyri-müəyyən vəziyyətindən istifadə edərək rəqabətdə üstünlük əldə etməyi hədəfləyir. Videolar arasında asan keçid, istifadəçilərə müəyyən aralıqlar ilə reklamların təqdim edilməsi və yeni daha cəlbedici təcrübələr ilə “X” video məzmunlarına olan fokusunu artırır və reklam gəlirlərini artırmağa çalışır.