“TikTok”dan 18 yaşdan kiçiklərə məhdudlaşdırma!

Bu gün “TikTok” uşaqlar və gənclər üçün bir nömrəli əyləncə vasitəsinə çevrilib. Tənzimləyici orqanlar da saatlarını ekran qarşısında keçirən nəsillər üçün sosial media platformalarına təzyiq göstərir. Bu mənada valideyn nəzarətinin gücləndirilməsi və ya ekran vaxtının tənzimlənməsi kimi bir sıra tədbirlər görülüb.
Ən çox izlənilən sosial media platforması ünvanını qoruyan “TikTok” tərəfindən verilən açıqlamada, 18 yaşdan kiçik istifadəçilərin izləmə vaxtının standart olaraq 1 saatla məhdudlaşdırılacağı bildirilib.

Proqramın istifadəsi zamanı 1 saat keçdikdə, sistem istifadəçidən parol daxil etməyi xahiş edəcək. Şifrəni daxil etdikdən sonra izləməyə davam edə biləcəksiniz. İstifadəçi istəsə, “Parametrlər" menyusuna daxil olaraq məhdudiyyəti aradan qaldıra biləcək.

Digər tərəfdən, “Valideyn Uyğunluğu” xüsusiyyəti də yeniləndi. Valideynlər “TikTok” hesablarına qoşularaq nəzarəti ələ ala biləcəklər. Burdan gündəlik istifadə limiti də təyin edilə bilər.


“Meta”nın ilk ağıllı saatı!

Bu saat smartfon olmadan da fəaliyyət göstərə bilir. Onun 2 kameralı və yerindən çıxarıla bilən ekranı həm video zənglər, həm də şəkil və video çəkmək üçün istifadə oluna bilər.
2021-ci ilin oktyabrında ağıllı saatın prototipini və ya renderini göstərən bir şəkil sızdırıldı. Şəkildə əvvəlki hesabatları təsdiqləyən küncləri yuvarlaqlaşdırılmış ağıllı saat və quraşdırılmış kamera göstərilir.

13 yanvar 2022-ci ildə dərc edilmiş “Meta” patenti ağıllı saatın potensial xüsusiyyətləri haqqında əlavə ipucu verir. Patent ağıllı saatın müxtəlif dizaynlarını təsvir edir. Onun əsasını müxtəlif displeylərlə təchiz oluna bilən modul geyilə bilən qurğu təşkil edir. Displeylərin özlərində müxtəlif linzalar quraşdırılmış bir və ya bir neçə kamera ola bilər. İstifadəçilər displeydən necə istifadə olunacağına özləri qərar verə bilərlər, bununla da ekran müvafiq kamera oriyentasiyasına uyğunlaşır və fırlanır.

Bundan əlavə, ağıllı saat və digər cihazlar, xüsusən də “VR” və “AR” eynəkləri arasında birləşmədən danışılır. Ağıllı saatın kamerasının ətrafı lentə aldığı və beləliklə, “VR” eynəklərinə xarici dünya haqqında vacib məlumatları təqdim etdiyi bir ssenari təsvir edilmişdir.

Ağıllı saat “Meta”nın aparat ekosisteminə tam inteqrasiya etməyi hədəfləyəcək. Məsələn, o, ürək döyüntüsünü ölçə və bu məlumatdan “Meta Quest 2” ilə fitnes məşqini qiymətləndirmək üçün istifadə edə və ya virtual reallıqda bütün bədəni izləmək üçün xarici kamera rolunu oynaya bilər. Bədənə taxılan ekran və kamera modulu üçün potensial tətbiqlər çoxdur.

Ürək döyüntülərini qeyd alan medalyon!

“TheTouch Locket” adlanan ağıllı medalyon boynunuzda sevdiyiniz insanların ürək döyüntülərini daşımağa və fiziki olaraq hiss etməyə imkan verir. Ağıllı telefon vasitəsilə brendin “Feel” tətbiqindən istifadə edərək ürək döyüntülərinizi qeyd edib, medalyona yükləyərək yaxınlarınıza hədiyyə edə bilərsiniz. 28 dildə dəstəklənən tətbiqi açdıqdan sonra ürək döyüntüsü qeydini seçməli və qeyd üçün barmağınızla telefonun kamerasına toxunmalısınız.

“TheTouch Locket” “LED” ekranda ürək döyüntülərini göstərsə də, fiziki əks əlaqə düyməsi ilə ürək döyüntülərinin titrəməsinini yaxından hiss etməyə imkan verir. Dəyişdirilə bilən akkumulyatorlu smart medalyon 14 və 18 karat qızıl versiyalarda, həmçinin kristal şüşə ilə paslanmayan poladdan hazırlanmış “SkySilver” və “JetBlack” rənglərində də mövcuddur.

İlk olaraq istehsal edilən və 1 fevral 2023-cü ildə satışa çıxarılan “TheTouch Locket” qısa müddətdə satıldı. “TheTouch” medalyonla yanaşı, medalyona bənzər “HB Ring” adlı ağıllı üzüklə insanların ürək döyüntülərini qeyd edir və üzüyü taxan şəxsin bu ritmləri hiss etməsinə şərait yaradır.

“Twitter”ın alternativi “Bluesky” artıq “App Store”da

Cek Dorsi tərəfindən idarə olunan mərkəzləşdirilməmiş “Twitter” alternativi “Bluesky” “App Store”da təqdim olunub. “Bluesky”də də “Twitter”də olduğu kimi digər insanları axtarıb izləyə və sonra onların paylaşımlarına Əsas səhifədə baxa bilərsiniz.

Əslində, “Bluesky” oktyabr ayında tərtibatçılar üçün özəl beta versiyada təqdim edildi. Bununla belə, şirkətin “App Store”da belə bir beta testi yaratması onun mühitini genişləndirmək və daha çox istifadəçiyə çatmaq istəməsi ilə izah edilə bilər.

Hal-hazırda üzv olmasaq da, paylaşılan görüntülərə baxdıqda “Bluesky”nin dizayn baxımından “Twitter”ə çox bənzədiyini söyləyə bilərik. “TechCrunch” tərəfindən paylaşılan təcrübələrə görə, proqram sadələşdirilmiş istifadəçi interfeysinə malikdir, burada siz 256 simvoldan ibarət yazı yaratmaq üçün plus düyməsindən istifadə edə bilərsiniz və bura fotoşəkillər də əlavə edilə bilər. “Twitter”in  "What's happening?" sualı “Bluesky”də "What's up?" ilə əvəz olunmuşdur.

“Bluesky”yə kimlər üzv ola bilməz?


“Twitter”ə bənzərliyi ilə diqqət çəkən “Bluesky” ilk olaraq “iPhone” istifadəçilərinə açıldı. Onu hər kəs yükləyə bilər, amma hər kəs üzv ola bilməz. Yeni sosial şəbəkəyə qoşulmaq üçün istifadəçilər artıq üzv olan şəxsdən dəvət almalıdırlar.

“Bluesky”nin rəsmi saytında sosial şəbəkə haqqında çoxlu təfərrüatlar təqdim edilmir. Yalnız istifadəçilərə dəvət kodu əldə etmək üçün gözləmə siyahılarına qoşulmağa icazə verilir. “Twitter”in sadələşdirilmiş versiyası olan “Bluesky” arxa planda olan “AT” protokoluna əsaslanır. “AT” müəyyən mənada “Twitter”ə çox bənzəyən başqa bir sosial şəbəkə olan “Mastodon”u gücləndirən protokol olan “ActivityPub”a bənzəyir.


“Loewe”un yaşıllaşan idman ayaqqabısı

İspan moda markası “Loewe”, cücərərək ot kimi görünən ayaqqabı dizaynını yeniləyərək təqdim edib. “Loewe” ispan dizayner Paula Ularqi Eskalona ilə birlikdə əsl ot və bitkilər cücərən bu  paltar və idman ayaqqabısı dizaynını hazırlayıb.

O, moda nümayişindən əvvəl xüsusi hazırlanmış tunel formalı istixanalarda kapüşon, idman kostyumu, cins şalvar, ayaqqabı və üst geyimdə pişik otu və çia yetişdirib. Cücərmiş paltarların hər biri bitkilərin təravətini qorumaq üçün 20 gün ərzində müntəzəm olaraq suvarıldı. 90-cı illərin ot-adam axımını xatırlayanlar üçün “Loewe”nin moda və təbiəti birləşdirən dizaynları nostalji effekt yarada bilər.

Moda nümayişində təqdim edilən əsl otla örtülmüş ayaqqabılarını yenidən dizayn edən İspan moda evi, istifadə və baxım asanlığı üçün ona ot effekti verərək yeni dizaynını bazara çıxardı. Çəmən səthli yeni idman ayaqqabısı ənənəvi krujeva konstruksiyasına və ayaq barmağına və dabanın arxasına sarılan uzunsov rezin altlığa malikdir. 2013-cü ildə brendin kreativ direktoru təyin edilən Jonatan Anderson kolleksiyasına daxil olan ot görünüşlü idman ayaqqabıları “Loewe”nin saytında satışa çıxarılıb.

Posted 
Mar 3, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All