Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Nintendo Switch 2: “Super Mario” və “Zelda” ilə gündəmdə!

“Nintendo”nun yeni nəsil konsolu “Switch 2” üçün çoxdan gözlənilən iki böyük oyun sızdırıldı! Bu məlumat “NewEgg”in “Nintendo” eShop üçün hədiyyə kartları satışı zamanı paylaşdığı siyahıdan sızıb. Yeni bir 3D “Super Mario” oyunu və “The Legend of Zelda” remaster-i ilə bağlı xəbərlər oyunsevərləri sevindirir.
“Zelda” seriyasının hansı oyununun yenidən işlənəcəyi hələ məlum deyil, lakin fanatlar “Twilight Princess HD” və ya “The Wind Waker HD” kimi klassiklərin dönüşünü gözləyir. Lakin “Nintendo”nun bu remaster-lər ilə kifayətlənməyib, daha böyük bir remake planlaşdırması ehtimalı da gündəmdədir.
Süni intellekt tətbiqlərinə 1 ildə nə qədər xərcləyirik?

Yeni çıxan “Sensor Tower” hesabatına görə istifadəçilər keçən il süni intellekt tətbiqlərinə 1,1 milyard dollar xərcləyib. Bu rəqəm əvvəlki ilə nisbətən %200 artım göstərir! Daha geniş miqyasda isə süni intellekt tətbiqləri üçün ümumi xərclər 150 milyard dollar səviyyəsinə çatıb. İstifadəçilər bu tətbiqlərdə ümumilikdə 7,7 milyard saat vaxt keçirib və tətbiqlər 17 milyard dəfə yüklənib.
Süni intellektin gündəlik həyatımıza necə nüfuz etdiyini bu rəqəmlər bir daha göstərir. Bu sürətli artım davam edərsə, gələcəkdə bu sahənin daha da genişlənərək həyatımıza mühüm təsir göstərəcəyini təxmin etmək heç də çətin deyil.
OpenAI: "Operator" məlumatlarınızı 90 gün saxlayacaq!

“OpenAI”ın yeni süni intellekt aləti “Operator” ilə bağlı mübahisəli bir açıqlama gəldi. Şirkət bildirir ki, istifadəçilər öz məlumatlarını silsələr belə, bu məlumatlar “OpenAI” serverlərində tam 90 gün saxlanılacaq.
Bu addım "zərərli istifadənin qarşısını almaq" məqsədi ilə atılsa da, istifadəçilərin məlumat təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır. Müqayisə üçün “ChatGPT” məlumatları sadəcə 30 gün saxlayır, lakin “Operator”un daha uzun müddət məlumatları saxlaması istifadəçilərdə narahatlıqlara səbəb olur. Şirkət əlavə edir ki, saxlanılan məlumatlar yalnız ehtiyac yaranarsa yoxlanılacaq. Bununla belə, məlumat gizliliyindən narahat olan istifadəçilərə “Operator”dan istifadə etməzdən əvvəl qərarlarını diqqətlə nəzərdən keçirmələri tövsiyə olunur.
“Meta” “Instagram”a “icma qeydləri" xüsusiyyətini gətirir!

“Meta”nın “Instagram” üçün hazırladığı "icma qeydləri" funksiyasından ilk ekran görüntüsü sızdırılıb. Bu yeni xüsusiyyət, “X”dəki “icma qeydləri” funksiyasına oxşayır. Bu xüsusiyyət istifadəçilərə paylaşımlara doğru məlumatlar əlavə etmək imkanı yaradacaq. Məlumat əlavə etmə seçimi, paylaşımların sağ üst hissəsindəki üç nöqtə ikonunda olacaq.
Bu qeydlər anonim şəkildə yazılacaq və əlavə edən şəxsin kimliyi görünməyəcək. Hal-hazırda funksiyanın yalnız sınaq mərhələsində olduğu və nə vaxt geniş istifadəyə veriləcəyi məlum deyil. “Meta” bu addımla sosial mediada səhv məlumatların qarşısını almağı və platformalarında məlumat doğruluğunu artırmağı hədəfləyir.
“Samsung” üçə qatlana bilən telefonunu rəsmi olaraq təsdiqlədi!

“Samsung”un dünən keçirilən “Galaxy Unpacked” tədbiri texnologiya dünyasında böyük maraq oyatdı. Şirkət “Galaxy S25” seriyası, “Galaxy S25 Edge” və MR başlığından əlavə çoxdan gözlənilən “üçə qatlana bilən telefon”unu da təsdiqlədi.
“Samsung” bu cihazın texniki xüsusiyyətləri və buraxılış tarixi ilə bağlı detallar paylaşmasa da, təqdim olunan yol xəritəsindən məlum olur ki, əvvəlcə “Galaxy Z Fold7”, daha sonra isə bu yeni cihaz təqdim ediləcək. Yekun olaraq, MR başlıq da istehlakçılara təqdim olunacaq. Yeni modelin 10 düymlük ekran ölçüsü və üst səviyyə performansı ilə “Huawei Mate XT”ə ciddi rəqib olması gözlənilir. Lakin cihazın dəqiq xüsusiyyətləri hələlik açıqlanmayıb.
Samsung, qatlanabilən telefon texnologiyasında öz liderliyini qorumağa davam edir və bu inkişaf bunu bir daha təsdiq edir.