Quidditch"li "Harry Potter" oyunu axır ki, gəlir
“Quidditch Champions” adlı yeni oyun gəlir. Bu, Harri Potterin simvolik idman növünə əsaslanan yeni bir işdir. “Warner Bros.” Harri Potter seriyasını genişləndirməkdə iddialıdır. Oyunun tərtibatçısı “Hogwarts Legacy”dən tanıdığımız “Portkey Games” olacaq. Hansı platformalarda olacağı və buraxılış tarixi hazırda məlum deyil.
Xatırladaq ki, “Hogwarts Legacy” dekabrın 16-dan artıq bir çox rəqəmsal platformalarda ön sifarişə açıq idi və 2 həftə ərzində 10 milyondan çox nüsxə satılmışdı.
“The Last of Us Part 1” yeni rejimi ilə daha real olacaq
“The Last of Us Part I” “PC”lərdə öz yerini tutsa da, yaranan problemlər üzücü olub. Neqativ rəylərdən sonra, şirkət həm oyundakı səhvləri düzəltməyə, həm də yeni rejim üzərində işləməyə davam edir. Yeni rejim sayəsində indi oyuna fərqli rakursdan baxa biləcəksiniz.
Bəhsi keçən rejim haqqında “Voyagers Revenge” kanalı “YouTube”da paylaşım edib. Xatırladaq ki, bu, final versiya deyil, üzərində hələ də işlər gedir.Videodan isə görünən budur ki, oyundakı xarakterə indi daha yaxşı inteqrasiya olmaq mümkün olacaq. Sözsüz ki, bu da yeni həyəcana, yeni təcrübələrə işarədir.
“iOS 17” özü ilə bu dəyişikliyi gətirəcək
İndiyə qədər “Apple” rəsmi “App Store”dan savayı digər tətbiqlərin quraşdırılmasına, təbii ki, icazə vermir. Ancaq görünür, “iOS 17” ilə bu dəyişəcək. “Bloomberg” məlumat verir ki, “iOS 17”-də istifadəçilər “App Store”dan kənar proqramları quraşdıra biləcəklər.
“Apple” iddia edir ki, istifadəçilərinin məxfiliyi və təhlükəsizliyi onlar üçün əsas prioritetdir, lakin “Apple” həm də “DMA”ya (Rəqəmsal Bazarlar Qanunu) əməl etməlidir. Əks halda, qlobal gəlirinin 20 %-dək həcmində cərimə oluna bilər. Bununla belə, “Apple”ın “macOS” və “tvOS” üçün də yenilikləri gözlənilir.
Lüks markanın ilk tam elektrik modeli - “Mercedes-Maybach EQS SUV 2024”
Alman avtomobil nəhəngi “Mercedes” son illərdə elektrik modelləri ilə göz oxşayır. “EQA”dən “EQS” sedanına qədər həm standart, həm də “AMG” üslubda yeni modelləri təqdim edən brend, listinə indi də “Maybach”ın ultralüks modelini əlavə etdi.
Yeni avtomobilin batareya həcmi haqqında dəqiq məlumat demək çətindir, lakin digər “EQS” modellərində olduğu kimi 107,8 kVt/saat batareyadan istifadə olunduğunu güman etmək olar.
Lüks yolsuzluq avtomobilinin tək yükləmə ilə təklif etdiyi məsafə “WLTP”yə görə 600 km-dir. 22 kVt dəyişən cərəyanla 6 saatdan çox doldurma müddəti olan akkumulyator, 200 kVt “DC” sürətli yükləmə ilə 30 dəqiqədə 10-80 %-ə çatır. Başqa sözlə, 220 km-dək məsafəni 15 dəqiqəyə qət edir.
ABŞ Hökumətinin “Twitter”də şəxsi mesajlara tam çıxışı var imiş
İ.Mask iddia edir ki, ABŞ Hökumətinin “Twitter” vasitəsilə göndərilən birbaşa şəxsi mesajlara tam çıxışı var.
“Fox News”dan Taker Karlsona müsahibə verən Mask şikayətlənib ki, dövlət agentliklərinin “Twitter”də baş verən hər şeyə effektiv şəkildə tam çıxış əldə edə bilmə dərəcəsi ağlasığmazdır.
Üstəlik, o, bundan xəbərsiz imiş. Daha sonra Karlson bu sualı soruşub: -“Buraya istifadəçilərin “DM”ləri də daxildirmi?” -“Əlbəttə” deyə, o, cavab verib. Digər bir hissədə İlon süni intellektin maneələri barədə xəbərdarlıq edərək, yeni texnologiyanın sivilizasiya üçün potensial təhlükə yarada biləcəyindən danışıb.