Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"OpenAI" hələ ki "AMD" çiplərindən istifadə edəcək
"OpenAI" süni intellekt proseslərini sürətləndirmək üçün gələcəkdə öz xüsusi çiplərini istehsal etməyi planlaşdırır. 2026-cı ilə qədər reallaşdırılması gözlənilən bu planlara qədər "OpenAI" "AMD" çipləri ilə infrastrukturu gücləndirəcək.
"Sony" tənqidlərə baxmayaraq canlı xidmət oyunlarına davam edəcək
"Sony" uğursuz "Concord" layihəsindən dərs çıxarmadan "PlayStation 5" üçün yenidən “live service” oyunları hazırlayacağını açıqlayıb. "PlayStation Studios"un CEO-su Hermen Hulst, tək oyunçu rejimlərinin yanında onlayn təcrübələrə yönəlməyin və "PlayStation" ekosistemindən kənara çıxmağın gəlirləri artırmaq üçün vacib olduğunu qeyd edib.
"Windows"da Android telefon fayllarına kabelsiz çıxış mümkün olacaq
"Windows Latest"in məlumatına görə, "Microsoft" Android telefonlara kabelsiz olaraq sürətli çıxış imkanı verən yeni xüsusiyyət üzərində çalışır. "Microsoft"un yenilənəcək olan "Phone Link" tətbiqi ilə artıq Android telefon fayllarına kabelsiz çıxış mümkün olacaq. Yenilik həm Windows 10, həm də Windows 11 üçün əlçatan olacaq və istifadəyə verildikdə "Phone Link" tətbiqi ilə asanlıqla aktivləşdiriləcək. Hazırda xüsusiyyət bəzi modellərdə test edilir və yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olacaq.
"Microsoft"un yeni "Recall" xüsusiyyəti defolt olmayacaq
"Microsoft"un Windows 11 üçün elan etdiyi yeni "Recall" xüsusiyyəti istifadəçilər arasında məxfiliyə dair narahatlıqlar yaradıb. "Recall" xüsusiyyəti istifadəçilərin ekran görüntülərini və müəyyən fəaliyyətlərini izləyir, bu da bəzi təhlükəsizlik suallarına səbəb olub. Şirkət bu barədə yayılan iddialara cavab olaraq, xüsusiyyətin sistemdə avtomatik aktiv edilməyəcəyini və yalnız istifadəçi seçimi ilə qoşulacağını bildirib. "Microsoft" rəsmisi Brandon LeBlanc qeyd edib ki, "Recall" xüsusiyyəti yalnız istəyə bağlı aktiv ediləcək və istifadəçilərin onu asanlıqla silməsi mümkün olacaq.
"AMD" yeni nəsil ekran kartları üçün tarix verdi
"AMD" şirkəti 2024-cü ilin üçüncü rübündə keçirilən maliyyə hesabatında oyun sektoruna dair vacib açıqlamalar verdi. Şirkətin CEO-su Lisa Su, gözlənilən RDNA 4 arxitekturasına sahib RX 8000 seriyalı ekran kartlarının 2025-ci ilin əvvəlində bazara çıxacağını rəsmi olaraq elan etdi. Yeni nəsil ekran kartları oyun performansını artırmaqla yanaşı, Ray-Tracing və süni intellekt imkanları ilə də diqqət çəkəcək.