Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“EA Play” abunə xidməti indi “Epic Games Store”da!
“Electronic Arts” çox sevilən “EA Play”i genişləndirməyə davam edir. Nəhayət, onu “Epic Games Store”da təklif etməyə başlayıb. Məlumata görə, “Epic Games Store”dakı oyunçular artıq “EA Play”abunəliyinə qoşularaq “EA” tərəfindən təklif olunan PC oyun kataloquna daxil ola biləcəklər.
Aylıq və ya illik ödənişlərlə abunəçilər “EA”nın ən populyar oyunlarına limitsiz giriş əldə edə bilərlər. Məsələn, “FIFA”, “The Sims” və “Battlefield” kimi oyun seriyaları “EA Play” abunəçilərinə limitsiz təklif olunur.
Yeni nəsil əl konsolu “Tecno Pocket Go” satışa çıxarılıb!
Şirkətin uzun zamandır gözlənilən cihazı adi əl konsollarından xeyli fərqli dizayna malikdir. “Tecno Pocket Go”nun içərisinə AMD Ryzen 7 8840HS APU, LPDDR5-6400 RAM və 50 Wh-lik batareya yerləşdirilib, Windows 11 əməliyyat sistemi ilə işləyir. Cihaz həm xarici monitora, həm də “Tecno”nun "Pocket Vision VR" eynəklərinə qoşula bilir.
“NASA” astronavtları Aya “Prada” ilə gedəcəklər
“Axiom Space” və “Prada”, “NASA”nın Artemis III proqramı çərçivəsində Aya gedəcək astronavtlar üçün yeni kosmik geyimləri təqdim etdilər. Geyimlər həddindən artıq temperatur və Ay tozuna qarşı qorunma təmin edəcək şəkildə dizayn edilib.
“OpenAI” “ChatGPT”nin “Windows” versiyasını elan etdi!
“ChatGPT”nin rəsmi “Windows” masaüstü versiyasında “Copilot” ilə edilə bilən hər şeyi etmək mümkün olacaq. Fayllar və fotoşəkillər haqqında suallar verilə və cavablar alına biləcək. “OpenAI” bildirib ki, hazırda yalnız ChatGPT Plus, Team, Enterprise və Edu istifadəçiləri üçün bu versiya əlçatandır.
“WhatsApp”a daha tünd ultra qaranlıq rejim gəlir!
“WhatsApp” yeniləməsi ilə birgə ultra qaranlıq rejimi beta istifadəçilərinə təqdim edib. Bu rejimlə birlikdə, “WhatsApp”ın mövcud arxa fon rəngi olan #0b141a, yerini daha tünd və dərin ton olan #0a1014-ə verir. Bu rəng dəyişikliyi kiçik bir detal kimi görünsə də, artıq tətbiqin gözlərimizi daha az yoracağını deyə bilərik.