Azərbaycanlı müğənni Miri Yusifin yeni konsert afişası diqqətləri cəlb edib. Ənənəvi üslubda olmamağı ilə seçilən afişa haqqında marketoloq Əli Hüseynli öz "Facebook" profilində paylaşım edib.

Paylaşıma gələn dizayner fikirləri isə fərqli mövqedən olub. Bəzi dizaynerlər Miri Yusifin 1, 2, 3 iyul konserti üçün hazırlanan posteri əfsanəvi The Beatles qrupu üzvü John Lennon üçün hazırlanan afişaya bənzədib, bəziləri isə afişanın kopyalandığını iddia edib. Həmin afişanı təqdim edirik:

"mikpro" MMC yayım şirkətinin rəqəmsal yayım mütəxəssisi Ali İmran isə bu paylaşıma reaksiya bildirib və afişanın hazırlanma prosesi haqqında məlumat verib. Mütəxəssis qeyd edib ki, burada oğurlanma hadisəsi yoxdur: "Bu layihə Miri Yusif və təşkilatçı komanda tərəfindən bizə təklif edildikdən sonra biz posterin təsnifatına uyğun olaraq maksimum cəlbedici olmasına və eyni zamanda ölkədə qəbul edilən poster şablonundan kənara çıxmasına çalışırdıq. İnternet resuslarında bir neçə gün çəkən axtarışlardan sonra John Lennonun bu posteri bizim diqqətimizi çox çəkdi. Əvvəlcə, bunu bildirim ki, bu poster John Lennon vəfat etdikdən sonra onun anım günü münasibətilə dizayn edilib. Daha sonra virallaşıb, tirajlanmağa başlayıb, köynəkləri çap edilib və hələ də satılmağa davam edir".

Müəllif hüquqları iddiası üçün mütəxəssis qeyd edir ki, bu posterin (red. The Beatles posterinin) müəllifi Beatles qrupunun fəaliyyətdə olduğu dövrlər ərzində onların konsertlərinin posterlərini dizayn edən Klaus Voormandır: "Onun haqqında maraqlandıq, əlaqə vasitələri axtardıq, komandasının elektron poçt ünvanını tapdıq. İstəyimizi ona bildirdikdən sonra, əvvəlcə, özü bizə müsbət geridönüş etdi. Daha sonra müəllif hüquqlarını qoruyan şirkət tərəfindən müsbət cavab gəldi. Biz də işə başladıq".

"Miri Yusifin posteri illustrator tərəfindən sıfırdan əl ilə çəkilib. Bu tərz konsert posteri ölkə adına ilkdir. Biz də artistin yaxşı bir şəklinin üstünə tarix və sponsor adı yazıb paylaşa bilərdik, amma ölkədəki poster və afişa anlayışına yenilik gətirmək istədik".

Trilogy.News-a bu barədə açıqlama verən Ali İmran bildirir ki, müəllif hüquqları aldıqdan sonra onlar işə öz çalarlarını da əlavə ediblər: "Bir neçə dəyişiklikdən sonra, nəhayət, arzuladığımız cəlbedici və ölkəmiz üçün şablondan kənar konsert posteri ərsəyə gətirə bildik. Nəzərə alaq ki, posterin başlıca öhdəliyi ilk baxışda cəlbedici olmasıdır. Növbəti müştərimiz kim olacaq, bilmirəm, amma kimliyindən asılı olmayaraq öz konsertinin təşkilatçılıq və ya reklam tərəfini bizə həvalə edən istənilən artistdə bu tip yenilikləri görməyiniz üçün çalışacağıq".

Posted 
Jun 28, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All