Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“McDonald's”da "snayper" qalmaqalı!
Pensilvaniya ştatında yerləşən "McDonald's" restoranı "UnitedHealthcare" CEO-su Brian Thompson-un qətli ilə əlaqəli şübhəli şəxs Luigi Mangione-nin tutulduğu yer kimi diqqət mərkəzinə düşüb. Restoran işçisi NYPD-nin yayımladığı nəzarət kameraları görüntülərindən onu tanıyıb və polisə xəbər verib. Hadisədən sonra isə restoran, "Google"da mənfi rəylərin hədəfinə çevrilib. "Google" əsassız tənqidlərin qarşısını almaq üçün bu rəyləri silməyə başlayıb. 26 yaşlı şübhəli şəxs hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
“Google Gemini 2.0”: Yeni dövrün AI-ı təqdim olundu
"Google" AI sahəsində yeni dövr açacaq "Gemini 2.0" modelini təqdim edib. Şirkət bu yeni texnologiyanın istifadəçilərə daha effektiv dəstək göstərmək üçün yaradıldığını bildirib. "Gemini 2.0" modelinə əsaslanan "Project Astra" 2025-ci ildə süni intellekt köməkçilərinin geniş istifadə ediləcəyini vəd edir. Bununla yanaşı, "Chrome" üçün "Project Mariner" və "Jules" kimi digər məhsullar da təqdim edilib.
“Nokia” 5G ilə dünyanın ilk 8K 360° kamerasını təqdim etdi
"Nokia" ilk 5G dəstəkli 8K 360° kamerasını təqdim edib. "Nokia 360 Kamera" adlı cihaz, real vaxtda 8K video yayımlamaq, məkan səsi dəstəkləmək və ekstremal şəraitə dözümlü olmaq üçün hazırlanıb. Cihaz 5G, Wi-Fi və Ethernet bağlantıları ilə işləyir və IP67 suya davamlılıq standartına malikdir.
"OpenAI" "Canvas" funksiyasını ödənişsiz edib
"OpenAI" 12 günlük Yeni il kampaniyası çərçivəsində "Canvas" funksiyasını bütün "ChatGPT" istifadəçilərinə ödənişsiz formada təqdim edib. Bu yeni funksiya yazı və kod layihələri üçün daha peşəkar bir mühit təklif edir və GPT-4 ilə birbaşa inteqrasiya olunur. "Canvas" istifadəçilərə "Python" kodlarını işə salmaq, səhvləri düzəltmək və təkmilləşdirmələr üçün təkliflər almaq imkanı verir.
Bu AI sizin əvəzinizə vebdə əməliyyatlar edə biləcək
"Google" istifadəçilər üçün internetdə əməliyyatları asanlaşdıracaq yeni AI aləti olan "Project Mariner"i təqdim edib. "Chrome" brauzerində işləyən bu texnologiya, istifadəçilərin əvəzinə veb-saytlarda hərəkət edərək formları doldura və alış-veriş səbətləri yarada biləcək. "Project Mariner" yaxın gələcəkdə internetdə daha interaktiv və rahat təcrübə təqdim etməyi hədəfləyir.