“Leavingstone”u dünyada “Cannes Lions”u ölkələrinə qazandırmağı bacarmış, sadə və ağıllı reklamları ilə seçilən kreativ agentlik kimi tanıyırlar. Beynəlxalq arenaya adlarını tanıtmaqları, qlobal səviyyədə işləri onları unikal və əyləncəli edir. 

Bu əyləncəli agentliyi isə gəlin birgə tanıyaq!

“Leavingstone” haqqında nə bilirik?

2010-cu ildə əsası qoyulan “Leavingstone” agentliyi onlayn marketinq kampaniyalarının yaranmasından brendinqə qədər bir çox işdə müştərilərinə xidmət edir: rəqəmsal məkanda marketinq və PR; veb və mobil tətbiqlərin inkişafı; rəqəmsal reklam; brend strategiyanızda interaktiv həllər.

Agentliyin CEO-su Erekle Zurmukhtashvili, həmtəsisçi və kreativ direktoru isə Levan Lepsveridze, CCO-su isə Anze Jerebdir.

Levan Lepsveridze
Levan Lepsveridze bu yaxınlarda Gürcüstanda kreativ sənayenin inkişafına verdiyi töhfələrə görə indiyədək yalnız 2 nəfərə verilmiş “Nika Gujejiani Honor Award” ilə mükafatlandırılıb.

Beynəlxalq uğurlar

Komandanın kreativ yanaşması sayəsində onlar 2020-ci ildə reklam və kreativ icmanın “Oscar”ı hesab edilən “Cannes Lions”u qazanan ilk gürcü agentlik olmağı bacarıblar. “White Square”, Kiyev Beynəlxalq Reklamçılıq Festivalı, “Ad Black Sea”, “Webby Awards”, “Golden Hammer”, “Golden Drum”, “WoW Done Awards”, “London International Awards” mükafatları isə agentliyin arxivində bir çox işin beynəlxalq səviyyədə tanınmasına kömək edib.

International Advertising Festival - The Best Georgian Agency of the Festival - Leavingstone
Leavingstone - Cannes Lions
1 il əvvəl hətta strateji dəyişikliklər fonunda Berlinə işgüzar səfər nəticəsində “Leavingstone” beynəlxalq müştərilərinin sayını 2-dən 10-a yüksəldə bilmişdi. Həmin dövrdə şirkət “Siemens”, “Zeiss”, “Deutsche Telekom”, “Netflix” və “Fox Broadcasting Company” kimi nəhənglərlə müqavilələr imzalayıb. 
Leavingstone Team  
“Gürcüstanın ən böyük agentliyi olaraq “Leavingstone”u “Leavingstone” edən dəyərləri itirmədən formal prosedurları etməli idik. Beynəlxalq bazarları nəzər alaraq dünyaca məşhur brendlərə necə çata biləcəyimizi anlamağa çalışırıq”, - CEO Erekle Zurmukhtashvili bunu müsahibəsində qeyd edib.
Erekle Zurmukhtashvili - CEO

Young Lions Azerbaijanda “Leavingstone” təqdimatı

2022-ci ildə 2-ci dəfə keçirilən “Young Lions Azerbaijan”ın fəxri qonaqlarından biri “Leavingstone”nun kreativ direktoru Levan Lepsveridze idi. 15 dəqiqəlik çıxışı ilə auditoriyada böyük maraq yaratmağı bacaran Levan pandemiya və post-pandemiya dövründə riskləri necə dəyərləndirdiklərindən və bu böhranlı dövrdən çıxmaq üçün istifadə etdikləri kreativ həllərdən danışıb.

Levan qeyd edib ki, yaxşı və səliqəli kampaniya ilə siz reaksiya ala bilərsiniz, amma kreativ kampaniya ilə siz yaddaşlarda daimi qala bilərsiniz.

Düzünü deyən reklam!

Təqdimatda auditoriyanın marağını cəlb edən əsas reklam kampaniyalarından biri “100% Real Virtual Reality - Case Study” (100% Real Virtual Reallıq - Eksperiment) idi.

“Gürcü pivə sevənlər brendlərin paylaşdığı sloqanlara qarşı çox skeptikdirlər. “Əsl Bavariya əfsanəsi”, “Alman həyatından bir dad”, “Əsl çex dadını kəşf elə”, “Real İrlandiya ləzzətini kəşf et”. Sonuncusu bizik - “Old Irish” pivə brendi. Biz bazara yeni daxil olanda 100% əsl irland dadı, amma 0% inandırıcı sloqanla gəldik. “Old Irish”ın reallığını sübut etmək üçün virtual reallıqdan istifadə etdik”. Həmin reklamı izləmək üçün:

Qeyd edək ki, bu reklam çarxı düz 33 reklam mükafatı qazanıb.

“Leavingstone” koronavirusa necə qalib gəldi?

Pandemiyanın pik dövrlərində yeni il şənliyimizi ürəyimizcə keçirə bilməməyimiz “Leavingstone”nun da kədərləndiyi mövzular olub ki, “Time for a New Year” reklam çarxları ilə koronovirusla necə döyüşmək lazımdır, onu göstəriblər.

12 ildir texniki əşyalar satan “Zoommer” şirkəti üçün çəkilmiş bu reklamda COVID Xanım və Zoommer Xanım ringdə döyüşürlər və nəhayətində, pandemiya qaydalarına riyaət edən sağlam Zoommer Xanım COVID Xanıma qalib gəlir!

Xüsusi yazılmış mahnısı, vizual effektləri ilə güclü post-production motivləri ilə reklam tədbir iştirakçılarının ciddi diqqətini cəlb etdi.

Auditoriya daha sonra Levan Lepsveridzenin təqdimatının sevilən hissələrindən biri olan bu reklam çarxının storibordunu analiz etmək şansı əldə etdi.

Levan Lepsveridze - Young Lions Azerbaijanın jürisi kimi

“Leavingstone”nun “Cannes Lions”da qazandığı qalibiyyətlər nəticəsində bu il jüri siyahısında Levan Lepsveridzeni də görürük. Qısa siyahıya düşən və qalib olan işlər barədə Levanın düşüncələri olduqca pozitivdir. O “Trilogy.News”a verdiyi müsahibəsində bildirib ki, festivalda iştirak etmək özü də təcrübə tələb edir:

“Jürilərin işlərə necə baxdığı, hansı motivləri axtardığı və mükafat qazana biləcək bir işi necə yaratmaq lazım olduğunu anlamaq özü də təcrübə tələb edir. Nəzərə alsaq ki, “Young Lions” Azərbaycanda 2-ci dəfə keçirilir, bizə gələn işlər olduqca yaxşı idi. Hətta 3-4 iş var idi ki, onlar sadəcə olaraq möhtəşəm idilər. Məsələ belədir ki, hər ölkənin yaxşı və pis işləri olur, lakin əsas olan regional müsabiqədə ən azından 4-5 ədəd möhtəşəm və mükəmməl işin çıxmasıdır. Hansı ki mən bu il jüri olanda Azərbaycan kreativlərindən bunu gördüm. Buna çox sevindim”.

L. Lepsveridze eyni zamanda Azərbaycan qaliblərinin qlobalda şansı olduğunu da qeyd edib: “Azərbaycan kreativləri qlobal müsabiqədə qazanmaq üçün hər şeyə sahibdirlər. Regional “Young Lions”u qazanmaq artıq qlobalda qazanmağı mümkün edir”.

Levan həmçinin jüri olaraq hansı kriteriyaları üstün tutduğundan danışıb: “Yaxşı iş əla kreativ həll, əla “insight” və əla icra nəticəsində ərsəyə gəlir. Qalib işlər də bu nüansların ideal kombinasiyasını ən sadə yolla edənlərdir. Bəzi işlər çətindir - onu başa düşmək üçün dərindən düşünmək lazımdır. Mükəmməl iş isə sadə olan və sənin “VAU!” deməyinə səbəb olandır. Biz - kreativlər olaraq davamlı həmin “VAU!”nun axtarışında olmalıyıq”.

Gürcüstan və Azərbaycan kreativ sektoru oxşarlıqları

Levan Lepsveridze düşünür ki, Azərbaycan və Gürcüstanda kreativ agentliklər mövzusunda ciddi fərqliliklər yoxdur: “Bizim mədəniyyətlərimiz və tarixlərimiz oxşardır. Bu gün də biznes transformasiya prosesi baxımından ölkələr oxşar yolları izləyir”. 
Posted 
Jun 7, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All