“Saatchi & Saatchi” 70-ci illərdəki abort hüququ ilə bağlı ikonik işini hakim Semyuel Aliton əlavəsi ilə yenidən şərh etdi.
1970-ci ildə “Saatchi & Saatchi” (ovaxtkı adı ilə “CramerSaatchi”) reklam agentliyi Ailə Planlaması Assosiasiyası üçün hamilə bir kişinin iştirakı ilə bir kampaniya yaratmışdı. “Hamilə Kişi” adı ilə ikonikləşən reklamda “Hamilə qalan sən olsaydın, daha diqqətli olardın?” sualı yazılıb və cəmiyyətə ailə planlaması barədə hər zaman dəstək ala biləcəkləri xatırladılırdı.
52 il sonra “Saatchi & Saatchi” “Hamilə Kişi” mövzusunu yenidən gündəmə gətirərək ABŞ gündəmindəki abort hüququ münaqişələrinə öz yanaşmasını göstərdi. Yeni reklamda abortu konstitusiya hüququ kimi tanıyan 1973-cü il qərarını ləğv edən hakim Semyuel Alitonun siması yerləşdirilib. Mətndə isə “Hamilə olsaydın, daha diqqətlə səs verərdin? Hakim Alito uşaq dünyaya gətirməyə məcbur edilsəydi, bəlkə də “Roe v Wade” qərarını ləğv etmək üçün Britaniya müxalifətini lağa qoymazdı”, - deyə qeyd olunub.
Mühafizəkar hakim Alito qərara reaksiya verən Boris Conson və Şahzadə Harri kimi liderləri aşağılayan açıqlamalar vermişdi.
"Qadın hüquqlarına dəstək olmaq üçün Böyük Britaniyadakı bütün platformalarımızdan istifadə etməliyik", - deyə bildirən “Saatchi & Saatchi”nin Baş kommersiya direktoru Frenki Qudvin Ali Məhkəmənin ikiüzlülüyünü və geridə qaldığını göstərmək üçün bu reklamı yenidən şərh etməkdən qürur duyduqlarını ifadə edib.