Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“GTA 6” gözləyərkən “Vice City Nextgen Edition” buraxılış tarixi açıqlandı!
“GTA” oyun dünyasına dair sevindirici bir xəbər gəldi. Klassik “GTA Vice City” yenilənmiş versiyası olan “Vice City Nextgen Edition” ilə bu il 25 yanvarda geri qayıdır. “Revolution Team”in hazırladığı bu yeni versiya 2002-ci ilin əfsanə oyununa yeni bir nəfəs gətirir.
“RAGE” oyun mühəndisliyi ilə yenilənmiş versiyada orijinal oyundakı bütün missiyalar və elementlər yenidən işlənilib. Neon effektləri, “San Andreas”dan götürülmüş avtomobillər və tam optimizasiya edilmiş bir oyun mühiti oyunçuları heyran qoyacaq.
“Nextgen Edition” tamamilə pulsuz olaraq buraxılacaq və ingilis dil dəstəyi ilə oynanıla biləcək.
“The Witcher 3” rejissoru CDPR-dan niyə ayrıldı ?
"The Witcher 3” rejissoru Konrad Tomaszkiewicz “CD Projekt Red”dən ayrılma səbəbini yaradıcı azadlıq olaraq açıqladı. Böyük studiyalarda innovativ ideyaların həyata keçirilməsinin çətinliyindən bəhs edən rejissor bunları həyata keçirmək üçün öz studiyası “Rebel Wolves”u açmağın doğru seçim olduğunu bildirdi.
İlk oyunları “The Blood of Dawnwalker”da isə vampir və insan qarışığı qəhrəmanın qaranlıq və qotik hekayəsindən bəhs edəcəklər. Bu RPG oyunu böyük studiya dəstəyi olmadan da AAA keyfiyyətində məhsul hazırlamağın mümkün olduğunu sübut etmək niyyətindədir. İlk treyler yayımlandıqdan sonra oyun həvəskarları arasında böyük maraq yaradıb. RPG sevənlər artıq səbirsizliklə gözləyir!
“TikTok” “Free Palestine” şərhlərini silir?
Son vaxtlarda “TikTok”un Fələstinə dəstək məqsədli yazılmış “Free Palestine” ifadəsini şərhlərdən sildiyi iddiaları sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bu ifadəni paylaşarkən “icma qaydalarını pozduğu” səbəbiylə silindiyini bildirib. “TikTok” sözçüsü bunun texniki problem olduğunu və şərhlərin qəsdən silinmədiyini açıqlayıb.
Ancaq sosial mediada istifadəçilər bu izahata şübhə ilə yanaşır. Fələstin ilə bağlı məzmunların senzurası iddiaları ilk deyil. Keçmişdə “Instagram” və “Twitch” kimi platformalarda da oxşar hallar baş vermişdir. “TikTok” isə platformasını normallaşdırmaq üçün tədbirlər gördüklərini bildirib.
“Google”dan böyük investisiya: “Anthropic”ə əlavə daha $ 1 milyard investisiya!
“Google” süni intellekt rəqabətində gücünü artırmaq üçün yenidən “Anthropic”ə 1 milyard dollarlıq investisiya etdi. Bu investisiya ilə şirkətin dəyəri 60 milyard dollara yaxınlaşacaq. “Anthropic” “Claude 3 & 3.5” modelləri ilə “OpenAI” və “ChatGPT” üçün ciddi rəqib olmağa davam edir.
Bu modellər artıq ABŞ-nin təhlükəsizlik və müdafiə təşkilatları tərəfindən də istifadə edilir. “Anthropic”in illik gəliri isə 875 milyon dolları aşaraq sürətlə yüksəlir.
“Apple” Çin bazarında liderliyini itirir!
Texnologiya nəhəngi “Apple” uzun illər liderliyini qoruduğu Çin ağıllı telefon bazarında güc itirməyə davam edir. Ən son məlumatlara görə “Apple” “Huawei” və “Vivo” kimi yerli rəqiblərinin yüksəlişi ilə ölkədə ən çox satılan smartfon markası adını itirib. “Canalys”in paylaşdığı məlumata görə “Apple”ın Çindəki bazar payı 15% , “Huawei”in 16% və “Vivo” isə 17%-ə yüksəlmişdir.
“Apple”ın Çində “iPhone” satışları əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ildə 51,8 milyon ədəd satış həyata keçirən şirkət 2024-cü ildə bu rəqəmi 42,9 milyona endirib. “Canalys” araşdırma direktoru Amber Liu bildirib ki, “Apple” Çin bazarında artan rəqabət səbəbindən yerli istehsalçıların yüksək səviyyəli telefonlarına qarşı çətinliklərlə üzləşir. Digər tərəfdən “Vivo” güclü yüksəliş trendindədir, “Huawei” isə ABŞ sanksiyalarından asılı olmayaraq bazar payını sürətlə artırmağa davam edir.
Çin hökuməti ötən həftə daxili bazarı stimullaşdırmaq üçün fərdi smartfon alışları təşviq proqramlarına başladığını elan etdi. Bu təşviqlərin “Huawei” və “Vivo” kimi yerli markalara daha çox üstünlük verə biləcəyi bildirilir.