Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Meta”dan saxta reklamları aşkar etmək üçün yeni addım!
“Meta” saxta reklamlar üçün yeni üz tanıma mexanizmi yaradıb. Hazırlanmış alqoritm saxta reklamlarda istifadə edilən məşhurların üzlərini həmin şəxslərin profil fotoları ilə müqayisə edəcək və reklamlar bundan sonra üz tanıma sistemləri ilə yoxlanılacaq.
“Meta”nın rəsmi açıqlamasına görə, üz skan sistemi “Facebook” və “Instagram” reklamlarında istifadə olunacaq. Məşhurların və tanınmış dövlət məmurlarının üzünü skan edəcək sistem növbəti mərhələdə reklamları təhlil edəcək.
“Qualcomm” və “Alphabet” əməkdaşlığa başlayıb
“Qualcom” şirkəti “Google” ilə “Mercedes” çip müqaviləsini imzalayaraq avtomobil istehsalçılarına öz səsli süni intellekt köməkçilərini yaratmağa imkan verəcək çip və proqram təminatı təqdim edəcəyini açıqlayıb.
"Qualcomm" uzun müddətdir ki, Android əməliyyat sistemi ilə mobil telefonları gücləndirən çiplər təqdim edir və avtomobil sektoruna da daxil olub. Şirkət “General Motors” kimi avtomobil istehsalçıları üçün həm avtomobilin ön panelini, həm də avtomatlaşdırılmış idarəetmə sistemlərini gücləndirən çiplər istehsal edir. “Qualcomm”və “Google” birlikdə “Android Automotive OS” in “Qualcomm” çiplərində daha səmərəli işləyən versiyasını yaratmaq üzərində işləməyə başlayıb.
“Razer”in CEO-su yoxa çıxan “Metaverse” layihəsindən danışıb
“Razer” CEO’su Min-Liang Tan, “Metaverse”in hələ ölmədiyini və süni intellektin oyun dünyasını formalaşdıracağını bildirib. SXSW Sydney tədbirində danışan Tan, “Roblox” və “Discord” kimi platformaların “Metaverse”in ilk addımları olduğunu deyib.
O, kiçik komandaların süni intellektlə keyfiyyətli oyunlar yarada biləcəyini vurğulayıb. “Meta”nın böyük sərmayələrinə baxmayaraq, hələ də konkret uğur əldə edə bilmədiyini qeyd edən Tan, oyun dünyasının artıq öz “Metaverse”ni yaratdığını da vurğulayıb.
“Spotify”ın yeni funksiyası açıqlanıb
“Spotify” tərəfindən edilən son açıqlamaya görə, istifadəçilər artıq pleylistləri üçün fərdi örtük şəkilləri hazırlaya biləcəklər. Məlumatlara görə, bu xüsusiyyətdə heç bir süni intellekt dəstəyi olmayacaq. Bunun əvəzinə istifadəçilər üz qabığının redaktə panelində mətn, şəkillər və effektlər seçə, eləcə də öz qalereyalarından istədikləri şəkilləri yükləyə biləcəklər.
Pleylistlər üçün örtük fotoşəkilləri hazırlamaq imkanı Android və iOS üçün beta versiyasında istifadəyə başlayıb. Hazırda 65 ölkədə mövcud olan yeniliyə təkcə "Premium" deyil, həm də ödənişsiz istifadəçilər daxil ola bilər.
“Disney” “App Store”dan ayrılır!
“Disney” artıq yeni istifadəçilərə “App Store” vasitəsilə “Hulu” və ya “Disney+”abunəliklərini almağa icazə vermir. “Disney” CEO-su Bob Iger, “Apple”ın abunəliklərdən 15 % komissiya almasını qəbuledilməz hesab edir. Buna görə “Disney”, abunəlik satışlarını öz platforması vasitəsilə həyata keçirməyi planlaşdırır. iPhone istifadəçiləri “Hulu” və ya “Disney+” abunəliyini artıq App Store-dan deyil, “Disney”in saytından almaq məcburiyyətində qalacaqlar.