Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Nazir: "Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik"
Azərbaycan bərpa olunan enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib. Bu barədə energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib.
Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir: "Biz bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan mənbələrin payının 30,5 %-ə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik. Amma biz bununla kifayətlənməyəcəyik. Biz bu fəaliyyətləri davam etdirmək və bərpa olunan enerji mənbələrimizdən daha çox istifadə etmək istəyirik. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda kifayət qədər çox alternativ enerji potensialımız var. Bütün bu resurslardan istifadə etməklə qlobal enerji təhlükəsizliyinə töhfə vermək istəyirik".
"Samsung Galaxy S25"in prosessoru məlum oldu
Smartfon sektorunda etibarlı mənbələrdən olan "Ice Universe"in paylaşımına görə, "Samsung Galaxy S25" seriyası bütün dünya üzrə yalnız "Qualcomm Snapdragon 8 Elite" prosessoru ilə təchiz ediləcək.
"ASUS ROG Phone 9"un qiyməti açıqlanıb
"ASUS ROG Phone 9"un 12 GB RAM və 512 GB yaddaşlı versiyasının Avropada təxminən 1,320 avroya satışa çıxacağı gözlənilir. "Qualcomm Snapdragon 8 Elite" prosessoru və 185 Hz yenilənmə sürətli LTPO OLED ekranla təchiz edilən bu cihaz, oyun təcrübəsini yeni səviyyəyə qaldıracaq. Qeyd edək ki, bu ilin əvvəlində təqdim edilən "ROG Phone 8" modelinin 12 GB RAM və 512 GB yaddaşlı versiyası Avropada 1,099 avro qiymətində satılmağa başlamışdı.
"Microsoft" yeni oyun konsolu hazırlayır
"Xbox" CEO-su Fil Spenser şirkətin əl konsolu üzərində çalışdığını təsdiqləyib. Onun sözlərinə görə, bu cihaz yaxın illərdə bazara çıxarılmayacaq. Şirkət əl konsolunu hazırda yalnız prototip mərhələsində saxlayır və məhsulun çıxışı üçün bir neçə il tələb oluna bilər.
"Spotify" üç aylıq qazancını açıqlayıb
"Spotify" 2024-cü ilin üçüncü rübü üçün maliyyə hesabatını açıqlayıb. Şirkətin aylıq aktiv istifadəçi sayı əvvəlki illə müqayisədə 11 % artaraq 640 milyona çatıb, abunə sayı isə 12 % artaraq 252 milyona yüksəlib. Şirkətin ümumi gəliri isə əvvəlki illə müqayisədə 19 % artışla 4 milyard avroya yüksəlib.
"ChatGPT" seçki öncəsində 250,000 deepfake cəhdini bloklayıb
"OpenAI" 2024 ABŞ seçkilərinə son bir ay qalmış seçki namizədlərinin deepfake görüntülərini yaratmağa yönələn 250,000 cəhdi rədd etdiyini açıqlayıb. "Clarity" şirkətinin verdiyi açıqlamaya görə isə "deepfake" görüntülərdə ilbəil 900 % artım müşahidə olunub.
"Tesla" 2 min 431 "Cybertruck" modelini geri çağırdı
"Tesla"nın "Cybertruck" modeli yeni bir texniki problemlə gündəmə gəlib. ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsinin məlumatına görə, sürüş invertorundakı nasazlıq səbəbilə 2 min 431 avtomobil geri çağırılıb.