Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Mercedes"in mobil tətbiqi "Apple Watch"a gəlir
"Mercedes-Benz" mobil tətbiqini "Apple Watch" cihazlarına inteqrasiya etdiyini açıqlayıb. Bu yenilik sayəsində istifadəçilər "Apple Watch" vasitəsilə avtomobillərinin yanacaq və ya batareya səviyyəsini yoxlaya, qapıları uzaqdan bağlayıb-aça və park yerini tapa biləcəklər. Yeni tətbiq yalnız 2019-cu ildən sonrakı "Mercedes-Benz" modelləri üçün uyğun olacaq və xüsusiyyətlər avtomobilin modelinə görə dəyişə bilər. Tətbiqi yükləmək üçün "watchOS 9" və ya daha yeni əməliyyat sisteminə malik "Apple Watch" və "iPhone"da "Mercedes-Benz"in mobil tətbiqi tələb olunur.
"Anthropic" "Claude AI"ın yazı üslubunu təqlid edə biləcəyini açıqlayıb
"Anthropic" şirkəti "Claude AI” alətinə yazı üslublarını fərdiləşdirmək imkanı verən yeni funksiyalar əlavə edib. İstifadəçilər bu yenilik sayəsində botun cavablarını rəsmi, qısa və aydın, ya da daha açıqlayıcı olan bir üslubda seçə bilərlər. "Claude AI" həmçinin istifadəçilərin yazı üslubunu kopyalama bacarığı ilə fərdi ünsiyyət təcrübəsi yaradır. Şirkətin məhsul rəhbəri Scott White bu funksiyanın "Claude AI"ı daha şəxsiləşdirilmiş və istifadəçi dostu etməyi hədəflədiyini vurğulayıb.
"Apple"ın təhlükəsizlik kameraları insanları üzlərini görmədən tanıya biləcək
"Apple"ın 2026-cı ildə təqdim edilməsi gözlənilən ağıllı kameraları insanları üzlərini görmədən tanımaq texnologiyasına sahib olacaq. Şirkətin yeni patentinə əsasən, bu kameralar bədən xüsusiyyətlərini, geyimləri və hərəkət izlərini analiz edərək şəxsiyyətləri müəyyən edə biləcək. Bununla belə, bu cür patentlərin hər zaman məhsula çevrilmədiyini qeyd etmək vacibdir
"Call of Duty: Black Ops 6" rekordları alt-üst edib
"Call of Duty: Black Ops 6" satışa çıxmasından cəmi bir ay sonra ən yaxşı debüt edən oyun olaraq rekord qırıb. "Activision" və "Treyarch" oyunçuların böyük maraq göstərdiyini bildirərək, əvvəlki seriyalarla müqayisədə oyunçu sayında, ümumi oyun müddətində və matç sayında üstünlük əldə etdiyini açıqlayıb. "Xbox Game Pass" vasitəsilə təqdim olunması da oyunun populyarlığını artıran əsas amillərdən biri hesab edilir.
"Realme GT 7 Pro" satışa çıxarıldı
"Realme" "GT 7 Pro" modelini bütün dünyada satışa təqdim edib. Sualtı çəkiliş xüsusiyyətləri və IP69 qoruma dərəcəsi ilə fərqlənən bu model, Snapdragon 8 Elite çipseti və 6.500 mAh batareyası ilə diqqət çəkir.