Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Nintendo Switch 2"nin texniki xüsusiyyətləri açıqlanıb
Sızdırılan məlumatlara görə, "Nintendo Switch 2" yüksək performansı ilə seçiləcək. Yeni əl konsolu 8 nüvəli Arm Cortex-A78C prosessoru və NVIDIA T239 Ampere GPU ilə təchiz olunacaq ki, bu da DLSS dəstəyini təmin edəcək. Konsolun 12 GB RAM-a sahib olacağı və RAM-ların iki 6 GB-lıq çipdən ibarət olduğu bildirilib.v
"Bluesky" "Instagram"a rəqib platformasını elan edib
"X"in rəqibi "Bluesky" indi də "Instagram"a alternativ olacaq yeni platformasını elan edib. "Flashes" adlanan bu platforma Sebastian Vogelsang tərəfindən hazırlanıb və "Bluesky"ın AT protokolu əsasında qurulub. İstifadəçilər bir postda maksimum 4 foto və ya 1 dəqiqəlik video paylaşa biləcəklər.
"Samsung" 50W gücündə simsiz şarj dəstəkləyən yeni çipini təqdim etdi
"Samsung Semiconductor" yeni S2MIW06 adlı çipini təqdim edib. Bu çip Qi 2.2 standartını dəstəkləyərək 50W-a qədər simsiz şarj imkanı təqdim edir. Çip maqnit şarj cihazları və digər aksesuarlarla uyumludur və EPP və MPP standartlarını dəstəkləyir.
"Apple" "Face ID"ni ekran altına inteqrasiya edəcək
"Apple" Face ID texnologiyasını ekranın altına inteqrasiya etmək üçün yeni patentini qeydiyyatdan keçirib. Şirkət bu texnologiya ilə infraqırmızı işığın ekran vasitəsilə maneəsiz ötürülməsini təmin edərək daha sürətli və etibarlı nəticə əldə etməyi planlaşdırır. Bu yeniliklə ekranın toxunma həssaslığına zərər vermədən, bağlantı xətləri daha səmərəli şəkildə təşkil ediləcək. Yeni texnologiyanın iPhone-lara nə vaxt tətbiq ediləcəyi hələlik məlum deyil.
"Samsung" ağıllı saatların batareya ömrünü uzadacaq
"Samsung" 2026-cı ildə ağıllı saatlar üçün yeni nəsil batareya texnologiyasını təqdim etməyə hazırlaşır. "Samsung Electro-Mechanics" tərəfindən hazırlanan bu batareyalar, lityum-ion batareyalarla müqayisədə daha təhlükəsiz, səmərəli və davamlıdır. CES 2025-də açıqlanan məlumatlara görə, bu batareyalar orta və intensiv istifadədə həftələrlə şarj edilmədən işləməyi təmin edəcək.