Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Azərbaycandakı qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır
Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlayır. Məlumata görə, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək.
Mərhələli şəkildə “Wi-Fi” bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb. Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı "ADY Free" şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir", - deyə ADY bəyan edib.
"Samsung"dan bir ilk: Ucuz qiymətə 5G telefon!
"Samsung" ilk dəfə olaraq "Galaxy A0x" seriyasına 5G dəstəyi gətirir. Yeni “Galaxy A06 5G” modeli GSMA məlumat bazasında SM-A066B/DS və SM-A066M/DS model nömrələri ilə ortaya çıxıb və bu, telefonun tezliklə təqdim olunacağına işarə edir. Giriş səviyyəsinə aid edilən bu cihaz 50 MP əsas sensorlu ikili kamera quruluşu, 6/8 GB RAM seçimləri və gündəlik istifadə üçün kifayət edəcək digər xüsusiyyətlər təklif edə bilər.
"Meta" öz axtarış sistemi üzərində işləyir
"Meta" şirkəti "Google" və "Microsoft Bing" kimi böyük rəqiblərdən asılılığı azaltmaq üçün öz axtarış mühərrikini inkişaf etdirir. Şirkətin təxminən 8 aydır üzərində çalışdığı bu layihə, "Meta"nın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Şirkət istifadəçilərə platformada sürətli və müstəqil informasiya mənbəyi təqdim etməyi hədəfləyir.
Elon Musk-ın 100,000 GPU-luq süper kompüteri ilk dəfə görüntüləndi
Elon Musk-ın yeni "xAI Colossus" süper kompüteri ilk dəfə ictimaiyyətə təqdim edildi. Bu süper kompüter 100,000 GPU ilə təchiz edilib və məqsədi "X" platformasındakı süni intellekt modellərinin inkişafını təmin etməkdir.
YouTuber "ServeTheHome" kompüterin "Supermicro" serverlərini araşdıraraq layihənin müxtəlif texniki detalları haqqında məlumat paylaşıb. "Colossus"un əsas hissəsi "NVIDIA HGX H100" serverlərindən ibarətdir və 400GbE sürətli ethernet bağlantısına sahibdir. Elon Musk yaxın gələcəkdə bu sistemin gücünü 50,000 yeni GPU ilə iki dəfə artırmağı planlaşdırır.
"Apple" Mac aksesuarlarını USB-C dəstəyi ilə yeniləyib
"Apple" artıq Mac aksesuarlarında da "Lightning" portunu aradan qaldıraraq, bu aksessuarları USB-C ilə təchiz edib. Şirkət "Magic Trackpad", "Magic Keyboard" və "Magic Mouse" kimi məhsullarını USB-C portuna uyğunlaşdıraraq istifadəçilərə təqdim edib.
Bu addım "Apple"ın Avropa Birliyinin standartlarına uyğunlaşmaq məqsədilə başladığı USB-C keçidini davam etdirdiyini göstərir. Yeni aksesuar modelləri "Apple"ın rəsmi saytında qara və ağ rəng variantları ilə satışdadır.