Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 462 851 "ASAN İmza" elektron imza sertifikatı verilib. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,7 % çoxdur. Hesabat dövründə "ASAN İmza" 286 973 müraciət üzrə təqdim olunub ki, bu da, illik müqayisədə 49,7 % çoxdur.
Astrologiya ilə bağlı "easyStars" startapı 420 min dollar investisiya alıb
"easyStars" süni intellektdən istifadə edərək fərdiləşdirilmiş astroloji anlayışlar təklif edir və istifadəçilərə kosmik enerjilərinə uyğun gələn insanlarla uyğunlaşma imkanı verir. Bu startap istifadəçilərə gündəlik ulduz falı, doğum qrafiki təhlili və uyğunluq hesabatları təklif edir.
"Kaspersky" Böyük Britaniyada ofisini bağlayır
Rusiyanın kibertəhlükəsizlik nəhəngi "Kaspersky" Böyük Britaniyadakı ofisini bağlamağa və işçiləri ixtisar etməyə başlayıb. Bu qərar şirkətin üç ay əvvəl ABŞ-də ofisini bağlayıb onlarla işçini ixtisar etməsi ilə əlaqəli olaraq atılan yeni bir addımdır.
"Kaspersky"nin Böyük Britaniya ofisini bağlaması, şirkət üçün son dövrlərdə yaşanan mənfi inkişafların ardı olaraq gəlir. Şirkət illərdir Rusiya hökuməti ilə yaxın əlaqələrdə ittiham edilsə də, bu iddiaları davamlı olaraq təkzib edib.
Əfsanəvi "PlayStation" oyunu PSN-dən silinir
Oyun dünyasının klassiklərindən biri olan "LittleBigPlanet 3" "Sony PlayStation Store"dan silinir. Şirkət bu oyunun 31 oktyabr 2024-cü il tarixindən etibarən rəqəmsal mağazadan çıxarılacağını açıqlayıb.
Braziliya nəhayət "X" qadağasına son verir
Braziliya "X" (Twitter) platformasına 1 aydan çox davam edən giriş qadağasını nəhayət aradan qaldırıb. Sabahdan etibarən platforma Braziliyadakı bütün istifadəçilər üçün yenidən aktiv olacaq.