Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Apple" iOS 18.1-in çıxış tarixini açıqladı
"Apple" yeni süni intellekt xüsusiyyətlərini özündə birləşdirən iOS 18.1-in 28 oktyabrda yayımlanacağını rəsmi olaraq elan edib. Bu yeniləmə ilə iPhone 15 Pro və daha yeni modellər "Apple Intelligence" süni intellekt xüsusiyyətləri ilə təmin olunacaq. "Apple" teni iOS versiyasının yayımlanması ilə iPhone istifadəçilərinə daha təkmil bir təcrübə təqdim edəcək.
"Mercedes-Benz" Almaniyada yeni zavodunu işə salıb
"Mercedes-Benz" Almaniyanın Kuppenheim şəhərində elektrikli avtomobillərin batareyalarının təkrar emalını həyata keçirəcək yeni zavodunu istifadəyə verib. Qeyd edək ki, bu zavod illik 2.500 ton həcmində batareyanı təkrar emal edə bilər. Zavodun genişləndirilməsi üçün şirkət gələcəkdə istehsal həcmini artırmağı planlaşdırır.
"Snapdragon 8 Elite" süni intellektdə yeni bir dövr başladır
"Qualcomm" yeni "Snapdragon 8 Elite" prosessorunu təqdim etdi. Qeyd olunub ki, bu prosessor süni intellekt performansını 12 dəfə artırır. “Hexagon NPU” texnologiyası ilə təchiz edilən bu prosessor, cihazlarda süni intellekt tətbiqlərinin daha sürətli və effektiv işləməsini təmin edir.
"Microsoft" müştəriləri öz süni intellekt alətlərini yarada biləcəklər
"Microsoft" noyabr ayından etibarən müştərilərinə avtomatlaşdırılmış süni intellekt alətləri yaratmağa imkan verəcək. Bu yenilik sayəsində istifadəçilər heç bir kodlaşdırma bilmədən, "Copilot Studio" platforması vasitəsilə öz iş proseslərini optimallaşdıra biləcəklər.
"Samsung"un yeni telefonunun dizaynı ortaya çıxıb
TENAA tərəfindən sızdırılan görüntülərdə cihazın “Galaxy Z Flip 6” modelinə bənzər olduğu, lakin arxa hissədə qara rəng və qızılı detallar ilə fərqləndiyi qeyd olunub. Cihazın 12 GB RAM və 512 GB daxili yaddaşla təchiz olunduğu bildirilir.