Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“Panasonic” elektromobillər üçün yeni batareyalarını təqdim edib
Şirkətin “4680” adı altında hazırladığı litium-ion batareyaları, əvvəlki nəsil “2170” batareyalarından çox daha böyük və güclü olması nəzərdə tutulub. “Panasonic” iddia edir ki, bu akkumulyatorlar elektromobillərin performansını, diapazonunu və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq. Bununla yanaşı, şirkət qeyd edib ki, yeni batareyaların enerji sıxlığı 500 % artıb.
“Airbnb” ev sahibləri üçün yenilik!
Yaxın günlərdə “Airbnb” ev sahiblərinə digər yüksək reytinqli ev sahiblərini qonaqlama idarəçiliyi üçün işə götürməyə icazə verəcək. Bu yenilik, ev sahiblərinə dinamik qiymət tənzimləməsi, qonaqlarla ünsiyyət və mülkün vəziyyətinə nəzarət etmək kimi vəzifələri daha asan idarə etməyə imkan verəcək. Layihə ilkin mərhələdə 10 dəfədən çox qonaq qəbul etmiş və reytinqi 4.8 və ya daha yüksək olan ev sahiblərinə aid olacaq.
“Honor” “X60” və “X60 Pro” modellərini təqdim edib
“Honor” “X” seriyalı flaqman telefonlarına “X60” və “X60 Pro” modellərini əlavə etdiyini açıqlayıb. Çində satışa çıxan telefonlar kamera və ekran texnologiyasına fokuslanaraq qabaqcıl səviyyəli yeniliklər təklif edir. Şirkətin göz yorğunluğunu azaltmaq üçün 3840Hz PWM qaraltma və digər texnologiyalardan istifadə etdiyi yeni “Honor Oasis” göz qoruma ekranına malik ilk “Honor” cihazı kimi tanınır.
“Nothing Phone 2a Community Edition” üçün tarix açıqlanıb
Şirkət istifadəçilər tərəfindən dizayn olunan xüsusi “Phone 2 Community Edition” versiyasını 30 oktyabrda təqdim etməyi planlaşdırır. “Phone 2a” modelinə əsaslanan yeni cihaz, müxtəlif dizayn və proqram təminatı kimi yenilklərə sahib olacaq. Mart ayından başlayan "Community Edition" layihəsi çərçivəsində “Nothing” istifadəçilərinə dizayn, divar kağızları kimi "Phone 2a"nın müxtəlif aspektlərini fərdiləşdirmək imkanı verib. Altı ay davam edən müddət ərzində istifadəçilər fərqli dizayn konseptləri üzərində işləyib və səs veriblər.
“Instagram”ın yeni xüsusiyyəti: Artıq istifadəçi adını verməyə ehtiyac yoxdur!
Platformaya gələn “Profil Kartı” xüsusiyyəti, rəqəmsal vizit kart yaratmağa imkan verir və istifadəçi adı vermək prosesini aradan qaldırır. Bu xüsusiyyəti istifadə etmək üçün sadəcə profil səhifəsində olan “Profili paylaş” seçimini etmək kifayətdir. Profil kartında profil şəkli, istifadəçi adı, ad, soyad kimi profil məlumatları yer alır. Kartda hansı məlumatların görsənəcəyini seçə və arxa fonu şəkillə fərdiləşdirə bilərsiniz.