Sega” videooyun istehsalçısı “Rovio” ilə razılığa gəlib
“Angry Birds” oyununun istehsalçısı, “Sonic the Hedgehog” personajının müəllifi yapon oyun nəhəngi tərəfindən satın alınmağa razılıq verib. Yaponiyanın “Sega Sammy Holdings” şirkəti Finlandiyada yerləşən “Rovio Entertainment” üçün 706 milyon avro ödəməyə hazırdır. “Rovio”, “Angry Birds” oyununun 1 milyard dəfə yüklənən ilk mobil oyun olduğunu və markanın 2 “Angry Birds” filmi də istehsal etdiyini deməkdən çəkinməyib.
Şübhəsiz ki, “Sega” mobil oyunlarda “Rovio”nun təcrübəsindən yararlanmağa çalışacaq. Xatırladaq ki, keçən il dünya üzrə 8 oyun studiyasında təxminən 550 işçisi olan “Rovio”nun sabit oyunlarda yükləmə sayı 5 milyardı ötmüşdür.
İ.Maskın “ChatGPT”yə rəqib şirkəti — “X.AI”
İ.Mask “OpenAI” ilə rəqabət aparmaq üçün “X.AI” şirkətini qurub. Əslində, bir neçə ay əvvəl Maskın “ChatGPT”yə rəqib olacaq süni intellekt tədqiqat laboratoriyasını yaratmaq istəyindən söz etmişdik. Belə görünür ki, Mask artıq bu məqsədi üzrə əsas mərhələlərə start verib. Xatırladaq ki, bu, Maskın süni intellekt çalışmalarındakı ilk imzası deyil. Məşhur milyarder bu yaxınlarda “Twitter”in məhsuldar süni intellekt layihəsinə 10.000 GPU həcmində yatırım etmişdir.
Amazon “Bedrock” ilə ilk addımlarını atmağa başlayır
Bir tərəfdən süni intellekt bazarının 2030-cu ildə 110 milyard dollara çatacağı xəbərini oxuyuruq, o biri tərəfdən isə “Amazon”un “Bedrock” məhsulu ilə artıq süni intellekt yarışına qədəm qoyduğunu eşidirik. Sözügedən məhsul “AI21 Labs”, “Anthropic” və “Stability AI” kimi startaplardan generativ süni intellektlə işləyən tətbiqlərin yaradılmasına imkan verəcək.
Modellər arasında “AI21 Labs”in “Jurassic-2” ailəsinin də adı keçir. “Jurassic-2” ispan, fransız, alman, portuqal, italyan və niderland dillərində səlis mətn hazırlaya bilir. Həmçinin şirkət “Bedrock” ilə bərabər, yeni “Amazon CodeWhisperer” məhsulunu da təqdim edib. “CodeWhisperer” kod yazmağı daha sürətli və asan hala gətirən, süni intellektlə işləyən kodlaşdırma məhsuludur.
“Blue” istifadəçiləri üçün tvit limiti 10 000 simvola çatacaq
“Twitter”in ödənişli “Blue” xidməti haqqında ard-arda xəbərlər paylaşılır. Bu yaxınlarda “Blue” istifadəçilərinin platformada 50 % daha az reklam görəcəyi açıqlanmışdı. Sosial media nəhənginin “Blue” istifadəçiləri üçün açıqladığı son yenilik isə tvitlərdəki simvol sayının artırılması ilə bağlıdır. Əslində, fevralda “Blue” istifadəçiləri artıq 4000 simvolla tvit atmağa başlamışdılar. Daha nə qədər pul qazanmaq istəyirsən, ay Mask?
“Tesla Model 3” yeniləndi — Bu da ilk şəkli
Çində “Tesla Model 3”ün yenilənmiş versiyasının şəkilləri görünüb. İnternetə sızan fotoşəkillərdən bəlli olur ki, bəzi nəzərəçarpan dəyişikliklər var. Bir ayrı məlumata görə, “Tesla” avtopilotun işini yaxşılaşdıracaq və hərtərəfli müşahidə sisteminin imkanlarını çoxaldacaq əlavə kameralar da yerləşdirmək niyyətindədir. Salondakı düymə sayının azaldılacağı barədə də məlumatlar var. Yenilənmiş versiyanın 2023-cü ilin sonunda təqdim ediləcəyi gözlənilir. 2-ci nəsil “Model 3”, çox güman ki, 2024-cü ilin əvvəlində satışa buraxılacaq.
ABŞ-də milyard dollarlıq “Bitcoin” oğrusu həbs edilib
ABŞ Ədliyyə Departamenti “Silk Road” nümayəndəsi Ceyms Jonqu 51 680-dən çox “Bitcoin” (BTC) oğurluğunda təqsirli bildiyinə görə, 1 il həbs cəzasına məhkum etdiyini açıqlayıb. Ceyms keçən ilin noyabrında ittihamları qəbul etmişdi.
“Lord Of The Rings”dən xəbər var
“Gollum” ilk sifarişlər üçün hazırdır, qiymətlər açıqlanıb. Mayın 25-dən etibarən “PC”, “PS4”, “PS5”, “Xbox One” və “Xbox Series” konsolları üçün işıq üzü görəcək oyunun qiymətləri açıqlanıb. “Steam”də standart versiya üçün qiymət manatla, təxminən, 53 AZN edir. Musiqi albomu, 2 “DLC” və oyunun qrafik təsvirlərini ehtiva edən “Precious Edition”nın qiyməti 60 AZN civarındadır. Konsollar üçün olan məhsulu isə manatla, təxminən, 53 AZN-61 AZN civarında almaq olar.
“Plastik deyil, saqqız çeynəyin”
Bitki tərkibli saqqız markası “Nuud” yeni kampaniyasında məhsullarında plastik tərkib istifadə edən rəqiblərini sətiraltı ifşa edib. “The Or.” kreativ reklam agentliyi sloqanın dizaynında İngiltərədəki “Wrigley's”, “Juicy Fruit”, “Extra” və “Airwaves” kimi saqqız markalarının şrift və rənglərindən istifadə edib.
Bu məhsul akkordeon kimi açılıb-yığılır
Ofis və ya atelye kimi istifadə edilə bilən “IWI” məhsulu ehtiyac olduqda açılan və ya bükülən, yığcam və komfort məkan təklif edir. 4 nəfərin rahat yerləşə biləcəyi bu üstüörtülü məkanda daimi müdaxiləyə ehtiyac yoxdur.
Sözügedən məhsul Ekvador kimi isti və yağışlı iqlimi olan bölgələrdə, həmçinin terraslar və bağ sahələri üçün əlverişlidir.