Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
"Tesla"nın qurucusu JB Straubel batareya işinə girib
"Tesla"nın həmtəsisçilərindən biri olan JB Straubel-in yaratdığı "Redwood Materials" şirkəti, elektrikli avtomobillərin batareyalarının təkrar emalına yönəlib. Şirkət bu il 200 milyon dollar gəlir əldə etməyi planlaşdırır və bu, təkrar emal sahəsinin sürətli inkişafını göstərir. Şirkət həmçinin təkrar emal olunmuş materiallardan istifadə edərək ABŞ-də daha əlçatan və davamlı elektromobil ekosistemi yaratmaq niyyətindədir.
"Oppo"nun yeni modeli 7000 mAh batareya ilə gəlir
İddialara görə, "Oppo" yeni nəsil flaqman modellərində 7000 mAh batareya təqdim etməyi planlaşdırır. Yeni modelin 80W SuperVOOC sürətli enerji doldurma texnologiyasını dəstəkləyəcəyi və ən azı 40W simsiz enerji doldurma imkanı ilə təchiz ediləcəyi gözlənilir. Telefonun 120 Hz yeniləmə sürətinə malik 6,82 düymlük LTPO OLED ekranla təklif olunacağı bildirilib.
"Intel Arc B570"in xüsusiyyətləri ortaya çıxıb
"Intel"in uzun müddətdir gözlənilən "Battlemage" seriyasına aid yeni ekran kartı "Arc B570"in texniki xüsusiyyətləri sızdırılıb. “ASRock Arc B570 Challenger OC” modeli kimi tanınan bu ekran kartı 10 GB GDDR6 VRAM, 160 bit yaddaş və 18 Xe2 nüvəsi ilə təchiz olunub. Yeni model HDMI 2.1 və DisplayPort 2.1 portlarını dəstəkləyir və 2.6 GHz saat tezliyinə malikdir.
Qaranlıqda da enerji istehsal edən günəş paneli!
Çin alimləri günəş işığına ehtiyac olmadan 24 saat enerji istehsal edə bilən “HHC” adlı yeni enerji sistemi təqdim ediblər. Bu sistem ətraf mühitin istiliyini elektrik enerjisinə çevirərək, ən minimal su miqdarı ilə işləyə bilir. Aparılan sınaqlarda enerji sisteminin fasiləsiz olaraq 160 saat işlədiyi və çox az su sərf etdiyi müəyyən edilib.
"Nothing Phone" seriyasına üç yeni model əlavə olunacaq
2025-ci ilin ilk yarısında "Nothing" şirkəti üç yeni smartfon modelini təqdim etməyi planlaşdırır. Bu cihazlar arasında “Nothing Phone (3)” və onun daha inkişaf etmiş versiyası olan “Phone (3) Pro” modeli yer alacaq.